Xələfov Bakıya gələn ermənilərə işğalçı olduqlarını xatırladıb Siyasət

Xələfov Bakıya gələn ermənilərə işğalçı olduqlarını xatırladıb

"Avropa İttifaqı Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyin bərqərar olmasından asılıdır"
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, bu təşkilata üzv olan Ermənistan Azərbaycan torpaqlarını işğal edib: "Bu ölkənin apardığı təcavüz siyasəti və etnik təmizləmə ağır nəticələr verib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarix və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda onun ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Lakin bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək".

X.Xələfov vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün heç nə edə bilməyib.
"Avropa İttifaqı işğalçıya qarşı münasibətdə qəti mövqe qoymalı və bu siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionda sosial tərəqqiyə, iqtisadi inkişafa təkan verəcək. Azərbaycan tezliklə münaqişənin həllində maraqlıdır. Biz ümid edirik ki, mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək".
XİN rəsmisi xatırladıb ki, Azərbaycan Aİ-nin etirbarlı tərəfdaşıdır. "Azərbaycan və Avopa İttifaqı bir çox sahələrdə ümumi maraq kəsb edən, qarşılıqlı faydalara əsasən əməkdaşlıq edir. Hazırda əməkdaşlığa dair aparılan intensiv danışıqların yekunlaşması hər iki tərəfin maraqlarına xidmət edən yeni siyasi hüquqi çərçivənin yaranmasına xidmət edəcək. Eyni zamanda Cənub Qaz dəhlizi sahəsində görülən işlər və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol enerji sahəsində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir".