

İnsan Hüquqları və Humanitar Hüquq üzrə Regional Platforma Azərbaycan ekspertlərini dəstəkləməyə, təcrübələrini bölüşməyə sadiqdir.
APA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyasının Katibliyinin sədr müavini Mahi Həsən Əbdül-Lətif “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
“Beynəlxalq insan haqları ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatı Ermənistan hökumətini Azərbaycan hökuməti ilə əməkdaşlığa çağırmalıdır. İtkin düşmüş şəxslər məsələsinin həlli düşmənçilik, etimadsızlıq və dözümsüzlük səviyyəsinin azalmasına, qarşılıqlı etimadın formalaşmasına və regiondakı mübahisələrin siyasi həllinə yönəlmiş səylərin asanlaşmasına töhfə verə bilər", deyə Mahi Həsən Əbdül-Lətif vurğulayıb.
O, Azərbaycan hökumətinə İƏT, BMT nümayəndələrini və ekspertləri cəlb edərək birgə işçi qrupu yaradılmasını nəzərdən keçirməyi tövsiyə edib: "Belə bir mexanizm səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə və uyğunsuzluqların qarşısının alınmasına xidmət edəcək. İkincisi, ən son elmi vasitələrdən – qabaqcıl DNT profilləşdirməsi, məhkəmə antropologiyası və coğrafi məkan xəritələşdirməsi də daxil olmaqla – istifadə etmək zəruridir. İtkin düşmüş şəxslərin ailələrinin mərkəzləşdirilmiş DNT bazasının yaradılması onların şəxsiyyətinin müəyyən edilməsini sürətləndirə və uzun illərdir gözlənilən aydınlığa qovuşmağa kömək edə bilər. İtkin düşmüş şəxslərin ailələri bu prosesin mərkəzində olmalıdır. Onların həqiqəti bilmək hüququ var. Şəxsiyyətin müəyyənləşdirilməsi ilə yanaşı, onlara psixososial dəstək və dözülməz əzablarını yüngülləşdirmək üçün şəffaf ünsiyyət də təmin edilməlidir".