“Bu razılaşma dayanıqlı sülhün zəmanəti deyil” Gündəm

“Bu razılaşma dayanıqlı sülhün zəmanəti deyil”

“İsrail və HƏMAS arasında razılaşdırılan atəşkəs bölgədə uzun müddətdir davam edən qanlı qarşıdurmanın müvəqqəti dayanmasına ümid yaradır. Lakin reallıq göstərir ki, bu razılaşma dayanıqlı sülhün zəmanəti deyil”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib.

O vurğulayıb ki, atəşkəs siyasi strategiya üçün fasilədir, sülh üçün isə mental dəyişiklik lazımdır: “HƏMAS üçün bu, taktiki nəfəs imkanı, İsrail üçünsə beynəlxalq təzyiqləri azaltmaq gedişidir. Qəzza reallığında hər iki tərəfin dərin etimadsızlığı davam etdiyi müddətcə sabitlik uzunömürlü ola bilməz. Bu razılaşma daha çox regional güclərin diplomatik təzyiqinin nəticəsidir. Xüsusən də Qətər, Misir və ABŞ-nin səyləri önə çıxır. İsrailin daxili siyasi durumu da bu qərarı zəruri etdi, çünki Netanyahu hökuməti uzunmüddətli hərbi əməliyyatların daxildə yaratdığı gərginliklə üz-üzədir. HƏMAS isə humanitar fəlakət fonunda beynəlxalq rəğbət itkisinin qarşısını almağa çalışır. Qəzzada sosial infrastrukturun dağıdılması, minlərlə dinc sakinin həlak olması atəşkəsin mənəvi zərurətini artırdı”.

Röya İsrafilova