Prezident İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq Siyasət

Prezident İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq

“Mən bu görüşə görə ilk növbədə sizə təşəkkürümü bildirirəm”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı deyib.

“Sizin də dediyiniz kimi bizim sizinlə Pekində qısa görüşümüz olmuşdu. Bundan başqa sizin doğum gününüzlə əlaqədar mən sizə iki gün əvvəl zəng vurmuşdum. Fürsətdən istifadə edib bir daha sizə və yaxınlarınıza yenidən can sağlığı arzu edirəm”, - dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti görüşdə ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı verdiyi ətraflı məlumata görə Vladimir Putinə təşəkkür edib: “Sizin də xatırladağınız kimi biz həmən vaxt əlaqə saxlamışdıq. O zaman mən Sankt-Peterburqa səfər edirdim. Təyyarədə olarkən mənə bu faciə barədə məlumat verildi. Mən sizə zəng etdim və öz təəssüfümü bildirdim, tədbirdə iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etmişdim”.

Dövlət başçısı təyyarə qəzası ilə bağlı situasiyanı şəxsən nəzarətdə saxladığına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib: “Biz sizinlə dəfələrlə fikirlərimizi bölüşmüşük. Bundan başqa bizim komandaların üzvləri də daimi şəkildə əlaqədədirlər. Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz. Sizin də qeyd etdiyiniz kimi təkcə ticari-iqtisadi əlaqələr deyil, digər sahələrdə də bu il əlaqələrimiz uğurla inkişaf edib. Vurğuladığınız kimi ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Həmçinin digər sahələrdə də heç bir ləngimə yoxdur, əksinə bizim sizinlə müəyyənləşdirdiyimiz bütün yol xəritələri uğurla reallaşdırılır”.