

“Azərbaycan Respublikası postsovet məkanında öz gücü ilə ərazi məsələsini həll edən ilk ölkədir. Bu, əlbəttə ki, Azərbaycanın lideri, cənab Prezident İlham Əliyevin böyük nailiyyətidir”.
Bunu Moldovanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko APA-ya açıqlamasında deyib.
Səfirin sözlərinə görə, Azərbaycan və Moldova respublikalarını birləşdirən ortaq keçmiş var: “Hər iki ölkə ərazi münaqişələrindən keçib, lakin Azərbaycan tarixdə ilk dəfə olaraq postsovet məkanında öz gücü ilə tarixi ədalətə nail olub. Moldova Respublikası da hazırda öz ərazi məsələlərinin həlli istiqamətində addımlar atır və bu mənada Azərbaycanın təcrübəsi bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
Diplomat qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm layihələr icra olunur.
“Bizim çox sıx ikitərəfli gündəliyimiz var. Buraya təcrübə mübadiləsi və ticarət dövriyyəsinin artırılması daxildir. Biz İqtisadiyyat və Ticarət nazirlikləri səviyyəsində əməkdaşlıq edirik. Həmçinin Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə agentliklər arasında da çox perspektivli əməkdaşlıq mövcuddur. Mən hesab edirəm ki, ikitərəfli əməkdaşlığın potensialı hələ tam şəkildə reallaşdırılmayıb. Gələn il Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Adətən bu görüşlər ildə bir dəfə keçirilir. Bu il apreldə iclas Azərbaycan Respublikasında baş tutdu, gələn il isə ümid edirik ki, Moldova Respublikasında keçiriləcək”, - səfir vurğulayıb.
Səfir Esaulenko bildirib ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq potensialı mövcuddur və Kopenhagendə Avropa Siyasi Sammiti çərçivəsində Moldova və Azərbaycan liderlərinin görüşü bu əlaqələrin inkişafına və energetika sahəsində əməkdaşlığın güclənməsinə töhfə verəcək.