“Türk Dünyası Geosiyasi Mərkəzə Çevrilir” Gündəm

“Türk Dünyası Geosiyasi Mərkəzə Çevrilir”

Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü türk dünyasının beynəlxalq siyasətdə artan rolunu bir daha göstərir. Prezident İlham Əliyev vurğulayır ki, “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”. Bu sözlər təkcə reallığı ifadə etmir, həm də gələcəyə yönəlik strateji baxışı əks etdirir.

Bu sözləri "Xalq Cəbhəsi"nə millət vəkili Aydın Hüseynov söyləyib.

Deputat qeyd edib ki, türk dövlətləri yalnız mədəni və tarixi bağlarla deyil, həm də ortaq iqtisadi maraqlar, enerji və nəqliyyat layihələri, təhlükəsizlik və sabitlik amilləri ilə birləşir: “Bu birləşmə türk dünyasının yüksəlişini şərtləndirir və Azərbaycan bu prosesin önündə dayanaraq həm təşəbbüskar, həm də birləşdirici qüvvə rolunu oynayır”.

A.Huseynovun sözlərinə görə, Təşkilatın təsir dairəsi getdikcə genişlənir: "Enerji resurslarının dünya bazarlarına təhlükəsiz nəqli, Orta Dəhlizin inkişafı, ticarət və investisiya imkanlarının artması türk coğrafiyasını qlobal iqtisadiyyatın ayrılmaz hissəsinə çevirir. Bu da təşkilatı beynəlxalq güc balansında yeni mərkəz halına gətirir.
Türk Dövlətləri Təşkilatı gələcəkdə Avrasiya məkanında sabitliyin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın əsas dayaqlarından biri olur. Azərbaycan isə bu güc mərkəzinin möhkəmlənməsində aparıcı mövqeyini qoruyur və türk birliyinin siyasi sütunlarından birinə çevrilir".

Günel Elxan