“Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır” Siyasət

“Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır”

Prezident İlham Əliyev: "Ərazi bütövlüyümüz danışıqlar predmeti ola bilməz"

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.
Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident İlham Əliyevvurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. "Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük" deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.
Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir: Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub".
Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.
Dövlət başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini dedi və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğulayıb.


"Danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir"

Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: "Ərazi bütövlüyümüz danışıqlar predmeti ola bilməz".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Prezident onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib: "Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim edib".

"İxracın təşviqi mexanizmi işə düşüb"

Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Dövlət başçısı diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.

"Gələn il daha çox kənd yolu inşa ediləcək"

Dövlət başçısı ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlərin həllini tapacağını bildirib. Onun sözlərinə görə, gələn il dövlət investisiya proqramı ilə bağlı təkliflər gəlib, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramı qəbul edilə bilər".
Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən güzəştli kreditlərə toxunan dövlət başçısı bildirib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir.
Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan prezident İlham Əliyev deyib ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək: "Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək".
Prezident İlham Əliyev fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirib.
Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını da deyən dövlət başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxunub.
"ASAN xidmət" mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən prezident İlham Əliyev "ABAD mərkəz"lərin yaradılmasının əhəmiyyətinə də toxundu, turizm sahəsində sürətli inkişafın olduğunu bildirib.
Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

"Azərbaycan özünü güclü dövlət kimi təsdiqləyib"

Dövlət başçısı bu ilin doqquz ayında neft-qaz sektorunda əlamətdar hadisələr baş verdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, .ötən ay "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni Saziş imzalanıb, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər də uğurla gedir.
Dövlət başçısı bildirib ki, əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır, neftdən gələn gəlirlər insan kapitalının inkişafına yönəlib.
Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iştirak etdiyi və bir çox halda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır, dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir: "Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər "Əsrin kontraktı" imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi. Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq".