Separatizm və beynəlxalq hüquq Siyasət

Separatizm və beynəlxalq hüquq

Separatizm fransız sözüdür və hər hansı bir dövlətin ərazisinin bir parçasında müstəqil dövlət yaratmaq məqsədilə həyata keçirilən bölücülük fəaliyyəti anlamına gəlir.
Etnik millətçilik və millətlərin yenidən formalaşması ilə bağlı ən yaxşı tədqiqatların müəlliflərindən olan ABŞ alimləri Cob Heys və Snayderə görə, separatizm mərkəzləşdirilmiş siyasi orqanizmdən tamamilə ayrılmaq məqsədi güdən ekstremist fəaliyyət növüdür. Yəni bəzi təfsirlərdə bu söz eyni zamanda mədəni muxtariyyətin əldə olunması üçün sivil mübarizə metodlarına aid edilsə də beynəlxalq təcrübə və tədqiqatlar bunun əksini deyir.
Bəzi təqdiqatçılar muxtariyyət tələbini separatçı-ekstremist qrupların ilkin mərhələdə öz məqsədlərinə çatmaları üçün vasitə kimi dəyərləndirirlər.
Yaxın tarixə nəzər salsaq, təkcə son 50 il ərzində dünyada separatizm zəminində hərbi qarşıdurmalarla müşayiət olunan 50-dən çox münaqişənin baş verdiyini görə bilərik.
Bu münaqişələrin yaranma səbəblərinə diqqət yetirdikdə isə bəlli olur ki, onların əksəriyyəti bu və ya digər dövlətdə kənardan idarə olunan separatçı qruplar tərəfindən millətlərarası münasibətlərin kəskinləşdirilməsi istiqamətində həyata keçirilən dağıdıcı fəaliyyətdən, iqtisadi-siyasi böhrandan, miqrasiya prosesinin nəzarətdən çıxması və etnik diasporların kriminal mahiyyət almasından, etnik zəmində ekstrimizmə qarşı mübarizənin effektivsizliyindən, beynəlxalq hüquq normalarının tətbiqində nəzərə çarpan ikili standartlardan qaynaqlanır.
Etnik münaqişələrin ən qabarıq şəkildə nəzərə çarpdığı zaman kəsiyi şübhəsiz ki, XX əsrin sonlarına və yaşadığımız XXI əsrə təsadüf edir
Əgər XIX əsri ərazi ekspansiyası, müstəmləkəçi imperiyaların yaranması, XX əsrin 90-cı illərinə qədər olan zaman kəsiyini isə ideoloji ekspansiya, antaqonist, bir-biri ilə ziddiyyət təşkil edən ideyaların qarşıdurması dövrü kimi qiymətləndirmək mümkün olarsa, o zaman XXI əsri birmənalı olaraq, kənardan idarə olunan separatizm amilindən qaynaqlanan etnodemoqrafik ekspansiya dövrü adlandıra bilərik.
Maraqlıdır ki, dolayısıyla, yaxud birbaşa separatçı rejimlərə dəstək verən, onlarla əməkdaşlıq edən ölkələrin böyük əksəriyyəti separatizmi ekstrimizm, terrorizm və digər bu kimi əməllərlə eyniləşdirir, bölücülük fəaliyyətini vətənə xəyanətə bərabər tuturlar.
Belə ölkələrinin sayının çox olduğunu nəzərə alıb, dəyərli tamaşaçılarımıza əsasən bizə tanış olan və uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının mandatına uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması, reallıqda isə həll olunmamasında müstəsna xudmət göstərən ATƏT-in Minsk qrupunun bəzi həmsədr dövlətlərinin qanunvericilik təcrübəsindən nümunələr gətirəcəyəm.
Məsələn, Rusiya federativ dövlətdir və bu ölkənin Konstitusiyasının 5-ci maddəsinə əsasən, federasiyanın subyekti olan respublikalar dövlət hesab edilirlər. Doğrudur, həmin müddəada xalqların öz müqəddaratını təyin etməsindən, respublikaların müəyyən mənada suverenliyindən da danışılır. Lakin Rusiya Konstitusiyasının heç bir müddəasında həmin respublikaların federasiyanın tərkibindən çıxması barədə nəinki mexanizmə, hətta sözə belə rast gəlmək mümkün deyil. Rusiya Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı şərhində isə bildirilir ki, Rusiya Federasiyasının bütün subyektləri federasiyanın ayrılmaz və bölünməz hissələridir və heç bir halda federasiyanın tərkibindən çıxa bilməzlər.
Rusiyada nəinki separatizm, hətta separatçı çağırışlar da cinayət hesab olunur. Rusiya Cinayət Məcəlləsinin 280.1-ci maddəsində "Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına xidmət edən çağırışlar cinayət əməli kimi tövsif olunur və belə hərəkətlərə görə, 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Belə çağırışların həyata keçirilməsi istiqamətində atılan addımlar isə vətənə xəyanət sayılır və təbii ki, bu halda günahkarlara ən ağır cəza verilir.
ATƏT-in Minsk qrupunun digər həmsədr ölkəsində - ABŞ-da da separatizm cinayət sayılır. ABŞ qanunlar külliyatının 2383-cü paraqrafına görə, hər hansı bir ştatda iki və daha artıq şəxsin mərkəzi hakimiyyət orqanlarına qarşı zorakılıq əməlləri, ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlər qanuni hakimiyyətə qarşı qiyam və vətənə xəyanətdir.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərdən kənar nümunələrə nəzər salaq: BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çində separatizm terrozimlə bərabər tutulur və belə əməllərə ölüm cəzası tətbiq olunur.
İspaniya, Almaniya, İsveç, Avstriya, İsveçrə kimi ölkələrdə də dövlətin ərazi bütövlüyünü pozmaq cəhdləri Vətənə xəyanət sayılır və bu hərəkətlərə görə əməlin ağırlığından asılı olaraq 10 ildən 30 ilədək həbs cəzası nəzərdə tutulur.
Göründüyü kimi, heç bir ölkə söhbət öz ərazi bütövlüklərindən gedəndə separatçılara mələk kimi yanaşmır.

"Sülh istəyirsənsə ədalətli olacaqsan"

Bu gün beynəlxalq münasibətlərdə və münaqişələrin tənzimlənməsi prosesində Helsinki Yekun Aktının 10 prinsipinə istinad olunur:
Bunlar suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələrin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipləridir.
Göründüyü kimi, sadaladığım prinsiplər beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli münasibətlərin, eləcə də etnik münaqişə və qarşıdurmaların tənzimlənməsinə kifayət qədər ciddi hüquqi zəmin yaradır. Lakin problem elan olunan prinsiplərin nə qədər cazibədar olmasında, yaxud ədalətli səslənməsində deyil, onların tətbiqindədir.
Məsələn, hazırda suveren bərabərlik və zor işlətməmək prinsipinə nəinki əməl olunmadığının, hətta bu prinsipin əks təzahürlərinin həyata keçirildiyinin şahidi oluruq. Əslində suveren bərabərlik prinsipi Helsinki Yekun Aktının əsas təşəbbüskarları tərəfindən və BMT Təhlükəsizlik Şurasında pozulur.
Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən hər hansı biri istənilən qərarın qəbul edilməsinə veto qoymaq hüququna malikdirsə, o zaman hansı suveren bərabərlikdən söhbət gedə bilər?
Və yaxud bu və ya digər dövlət özünün, müttəfiqlərinin, himayədarlarının hərbi-siyasi gücünə arxalanaraq başqa bir dövlətin ərazi bütövlüyünü pozursa və işğalçıya qarşı beynəlxalq hüququn prinsiplərindən irəli gələn müvafiq addımların atılmasına maneə yaradılırsa o zaman "zor işlətməmək" kimi imperativ prinsiplər nəyə və kimə yarayır? Eyni yanaşmanı sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipinə də aid edə bilərik.
Helsinki Yekun Aktının prinsiplərinin yerini dəyişməklə, yenidən və təkrar-təkrar sadalasaq da hər dəfə böyük dövlətlər tərəfindən bu prinsiplərin heç birinə əməl olunmadığı qənaətinə gəlmiş olacağıq. Yəni toplananların yerinin dəyişməsi yekun nəticəyə, cəmə təsir göstərməyəcək.
Məhz bu səbəbdən də milyonlarla insanın faciəsinə yol açan və bu faciələrin yenidən və yenidən yaşana biləcəyi təhlükəsini qoruyub saxlayan münaqişələr öz həllini tapmır. Əvəzində isə, beynəlxalq hüququn fəlsəfəsindən doğan birmənalı yanaşmaların deyil, ikili standartların, manipulyativ davranışların ortaya çıxmasına zəmin yaranır. Helsinki Yekun Aktının bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipinə münasibətdə sərgilənən çoxüzlü və bəlkə də üzsüz davranışlar kimi... Beynəlxalq hüququn prinsiplərinin ədalətli tətbiqinə görə məsuliyyət daşıyan, bu müstəvidə beynəlxalq öhdəlikləri olan güclər işlərinə yarayanda sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyünü, işlərinə yaramayanda isə xalqların öz müqəddəratını təyin etmək hüququ, prinsipini əsas götürürlər. Və yaxud əksinə...
Lakin Helsinki Yekun Aktının prinsiplərinə beynəlxalq münasibətlərin, etnik və digər münaqişələrin tənzimlənməsində istifadə olunan tam, bütöv bir hüquqi mexanizm kimi yanaşılmır. Daha doğrusu bilərəkdən, məqsədyönlü şəkildə yanaşılmır. Gah sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, gah da da xalqların öz müqəddəratını təyin etmək hüququ önə çəkilir.
Beynəlxalq hüququn fəlsəfəsi, mahiyyəti isə ona hissə-hissə, parça-parça, müddəa-müddəa deyil, vahid bir tənzimləyici mexanizm kimi yanaşılmasını tələb edir...
Nə qədər ki, böyük güclərin geosiyasi maraqları, hikkə və iddiaları müstəvisində beynəlxalq hüququn prinsipləri alver və uzlaşma predmeti funksiyasını yerinə yetirməkdən uzağa gedə bilməyəcək, nə qədər ki, Helsinki Yekun Aktının hüquqi-fəlsəfi mahiyyətini ifadə edən beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipinin tətbiqi zamanı vicdan amili tamamilə unudulacaq, o zamanadək münaqişələrin ədalətli həlli mümkün olmayacaq. Deməli, tənzimlənmiş kimi görünən münaqişələr də son nəticədə öz həllini tapmayacaq. Dondurulacaq... lazım gəldiyində yenidən isidilməsi üçün...
Bu gün yaşadığımız regionda və daha geniş miqyasda mövcud olan münaqişələrin tənzimlənməməsinin əsas səbəblərindən biri də, şübhəsiz ki, xalqların öz müqəddəratını təyinetmə prinsipindən məqsədyönlü şəkildə və təzyiq vasitəsi kimi istifadə olunmasıdır. Əslində dövlətlərin ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyin etmə prinsiplərinin qarşı-qarşıya qoyulması üçün heç bir fundamental hüquqi əsas yoxdur.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində xalqların öz müqəddəratını təyin etmə prinsipindən bir neçə müddəada bəhs olunur. Məsələn, Nizamnamənin təşkilatın hədəflərinə həsr olunmuş 1-ci müddəasında qeyd olunur ki, BMT və onun üzvləri bərabərlik və öz müqəddəratını təyin etmə prinsiplərinə əsasən millətlər arasındakı dostluq münasibətlərini inkişaf etdirirlər.
Nizamnamənin 55-ci müddəasında da xalqların öz müqəddəratını təyin etmə və bərabərlik prinsiplərindən yalnız əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı kontekstində söhbət açılır.
Beləliklə, aydın olur ki, BMT Nizamnaməsində öz müqəddəratını təyinetmə prinsipi ayrıca konsepsiya kimi təqdim olunmur. Burada söhbət münaqişə tərəflərindən deyil, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan millətlərarası münasibətlərdən gedir. Aydındır ki, dost və qarşılıqlı anlaşma şəraitində yaşayan millətlər münaqişədə ola bilməzlər.
Digər tərəfdən BMT Nizamnaməsində xalqların öz müqəddəratını təyinetmə prinsipi bərabərlik prinsipi ilə eyni müstəvidə, daha dəqiq desək vəhdətdə təqdim olunur. Bu isə o deməkdir ki, öz müqəddəratını təyinetmə prosesində toplumun təkcə bu yolu seçən hissəsinin deyil, digər hissəsinin də hüquqları nəzərə alınmalıdır.
BMT Nizamnaməsində, BMT Baş Assambleyasının qətnamə və bəyənnamələrində açıq və birmənalı şəkildə qeyd olunur ki, milli birliyin və ərazi bütövlüyünün qismən və ya tamamilə pozulmasına yönələn istənilən cəhd BMT Nizamnaməsinin hədəf və prinsiplərinə uyğun deyil.
Lakin bütün bunlara baxmayaraq, xalqların öz müqəddəratını təyinetmə prinsipi hələ də geosiyasi təzyiq vasitəsi kimi öz mövcudluğunu qoruyub saxlayır.
Haaqada, BMT-nin beynəlxalq məhkəməsinin və beynəlxalq arbitraj məhkəməsinin yerləşdiyi Sülh Sarayının qapısının üzərində "Sülh istəyirsənsə ədalətli olacaqsan" sözləri yazılıb. Müəllifinin kim olduğunu bilmirəm, amma maraqlı deyimdir.
Təssüf ki, o qapıların arxasında ədalətli qərarların qəbul olunduğunu dilə gətirmək mümkün deyil. Əks təqdirdə sülhün yolunun ədalətdən keçdiyini xatırladanlar münaqişələrin tənzimlənməsi prosesində ədalət prinsipindən çıxış edərək sülhə nail olardılar... Və bu gün bəşəriyyəti təhlükə qarşında qoyan, etnik təmizləmələrə, qətliamlara, soyqırım aktlarına zəmin yaradan münaqişələr öz həllini tapardı...

Dondurulmuş maraqlar

Bütün nəticələr və qənaətlər eynidir. Münaqişələrin həllinə maneə yaradan əsas amil daha çox gücə və nəzarətə sahib olmaq uğrunda aparılan savaşdır. Nə qədər ki, gücün ədaləti ədalətin gücünə tabe olmayacaq, münaqişələrin ədalətli həlli də imkansız görünəcək.
Hazırda etnik münaqişələrin tənzimlənməsi prosesində optimal həll variantları kimi bir neçə model nümunə gətirlir. Bunlardan haqqında ən çox danışılanı Aland adaları modelidir. Aland – Baltik dənizindəki 8 min adadan ibarətdir. İnsanlar yalnız böyük adalarda yaşayırlar. Əhalisinin böyük əksəriyyəti isveçlilərdən ibarət olan Aland adaları 1808-ci ilədək İsveç Krallığının tərkibində olub. Aland adaları ilə bağlı İsveç və Fransa arasında yaranan münaqişənin tarixinə çox da vaxt ayırmayacağam. Əsas mahiyyətdir:
Beləliklə, İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə əsasən, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alıb, assimilyasiya olunmaq təhlükəsi aradan qalxıb. İsveçə adalardakı isveçlilərin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat verilib. Adalarda 1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament – laqtinq - adaların daxili işləri və büdcəsi haqqında qanun qəbul etməklə yanaşı, hökuməti təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq, Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə özünüidarə qanunlarına dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı - xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın müstəsna səlahiyyətlərinə daxildir.
Aland adaları ilə yanaşı etnik münaqişələrin həllində ən çox nümunə gətirilən modellər sırasında Cənubi Tirol, Triest, Şimali İrlandiya, Honkonq və Tatarıstan modelləri də var. Bir zamanlar Krımın statusu da ortaq məxrəcin məhsulu kimi nümunə gətirilirdi. Amma daha gətirilmir... Krımla bağlı məsələ sübuta yetirir ki, bəzən hətta həllini tapmış münaqişələr də geosiyasi maraqlar müstəvisində yenidən alovlana bilər.
Beynəlxalq hüquqa münasibətdə ikili standartların tətbiqi, ədalət prinsiplərinin gücə tabe etdirilməsi beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan çıxmasına, bəşəriyyəti genişmiqyaslı münaqişə və müharibələrə, xaosa sürükləyə biləcək presedentlərin meydana gəlməsinə zəmin yaradır. Beynəlxalq hüququn prinsiplərinin ayrı-ayrı güc mərkəzlərinin maraqlarına uyğun şəkildə tövsif olunması, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı sərgilənən manipulyativ davranışlar milyonlarla günahsız insanın faciəsi ilə nəticələnən etnik və dini zəmində baş qaldıran separatizm meyllərinin, terrorizmin çiçəklənməsinə zəmin yaradır.
İşğal altında olan Azərbaycan torpaqlarında Ermənistanın davamlı təxribatları sübuta yetirir ki, işğalçılığa, separatizmə, terrorizmə münasibətdə ikili standartların tətbiqi kifayət qədər ciddi problemlərə yol aça bilər.
Şübhəsiz ki, Azərbaycan öz haqlı mövqeyinə və potensialına söykənərək işğalçıya və onun marionet separatcığazlarına ədalətin gücünü və gücün ədalətini göstərməyi bacarır. Lakin münaqişənin tez-tez alovlanma ehtimalı və buna əsas verən təxtibatçı hərəkətlər sübuta yetirir ki, münaqişələrin daha aktiv fazaya qədəm qoymaması üçün onları heç bir manipulyasiyaya, ikili və daha çoxsaylı standartlara yol vermədən həll etmək lazımdır. Dondurulmuş münaqişələr yoxdur, dondurulmuş maraqlar var. Münaqişələrin tənzimlənməsinin isə bir yolu var: Beynəlxalq hüquq normalarının ədalətli, çevik və heç bir kənar təsirlərə məruz qoyulmadan tətbiq olunması.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələrində qeyd olunur ki, dövlətlərin zorla parçalanmasına zəmin yaradan amillər beynəlxalq sülhü və təhlükəsizliyi təhdid altında qoyur və BMT dövlətlərin güc yolu ilə parçalanmalarının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir.
Gözəl səslənir və təbii ki, əgər beynəlxalq sənədlərdə yer alan müddəalara geosiyasi maraqlar müstəvisindən yox, hüquq və ədalət prinsipləri çərçivəsindən yanaşılsaydı bu gün münaqişə ocaqlarının, çoxsaylı insan faciələrinin yox, tamamilə fərqli bir mənzərənin şahidi olardıq.
Hazırda şahidlik etdiyimiz mənzərənin isə mövcud güc mərkəzlərinin maraqları kontekstində nəzərə çarpmayan və yaxud hələlik nəzərə çarpmayan başqa bir tərəfi də var. Presedent amili. Beynəlxalq hüququn prinsiplərinin geosiyasi maraqlara qurban verilməsi hazırda bu maraqları idarə edənlər üçün də uğurlu perspektiv vəd etmir. Çünki güc amili sonsuz deyil. Müəyyən bir mərhələdə başqa bir gücün qarşısında geri çəkilə, yaxud özünün yaratdığı reallıqların girovuna çevrilə bilər. Yəni bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına maneə yaradan, işğalçının, separatçının, terrorçunun yanında olanlar nə zamansa özləri, həm də daha ciddi separatizm təhlükələri ilə qarşı-qarşıya qalanda heç kim onların göz yaşlarına inanmayacaq. Onlar inanmadığı kimi...

Elçin Mirzəbəyli