“ABŞ-nin prosesdə iştirakının artması regionda geosiyasi balansı genişləndirir” Siyasət

“ABŞ-nin prosesdə iştirakının artması regionda geosiyasi balansı genişləndirir”

“ABŞ-nin Cənubi Qafqazdakı sülh prosesinə aktiv şəkildə qoşulması region üçün bir neçə əsas istiqamətdə əhəmiyyət kəsb edir. İlk növbədə, Vaşinqtonun həm Azərbaycan, həm də Ermənistanla münasibətləri paralel şəkildə yaxşılaşdırması iki ölkə arasında davam edən normallaşma prosesinə əlavə diplomatik dəstək verir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

O qeyd edib ki, avqustun 8-də imzalanan Birgə Bəyannamə də ABŞ-nin tərəflərə qarşılıqlı güzəştlər üçün platforma yaratmaq niyyətini nümayiş etdirir: “ABŞ-nin prosesdə iştirakının artması regionda geosiyasi balansı genişləndirir. Bu isə həm iqtisadi əlaqələrin inkişafı, həm nəqliyyat-logistika xəttlərinin açılması, həm də təhlükəsizlik əməkdaşlığının dərinləşməsi baxımından yeni imkanlar yaradır”.

E.Telmanoğlunun sözlərinə görə, bu siyasi prosesdə Türkiyə–Ermənistan münasibətlərinin normallaşması kimi regional məsələlərdə ABŞ-nin rolu əlavə dinamika təmin edir: “Bu istiqamətdə atılacaq addımlar Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edə bilər. Nəticə etibarilə, ABŞ-nin sülh təşəbbüslərinə qoşulması həm Bakı–İrəvan danışıqlarının intensivliyini artırır, həm də regionun siyasi və iqtisadi inteqrasiyasına töhfə verən mühüm beynəlxalq faktor rolunu oynayır”.

Röya İsrafilova