“Onlar Azərbaycana təhvil verilməlidir” Siyasət

“Onlar Azərbaycana təhvil verilməlidir”

"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməli, onları Azərbaycana təhvil verməlidir. Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri var. Biz bu münasibətlərə xələl gətirəcək hadisələrə yol verməməliyik". Bunu deputat Elman Məmmədov deyib. "Türkiyə hökuməti bildirir ki, o adamların mövqeyi bizim mövqeyimiz deyil. O zaman burada sual yaranır. Niyə Həmin şəxslərə mediada təbliğat apararaq erməni işğalını dəstəkləməyə imkan verilir? Axı Türkiyə ilə Azərbaycan dostdur, qardaşdır. Bildiyiniz kimi, bir müddət bundan öncə Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşin Belarus tərəfindən Azərbaycana təhvil verilmişdi. Biz bu yanaşmanı Türkiyədən də gözləyirik"- deyə, deputat bildirib. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 4 Türkiyə vətəndaşı barəsində cinayət işi başlanıldığı və müvafiq sənədlərin Türkiyəyə göndərildiyini deyən E. Məmmədov nədənsə Türkiyə dövlətinin bu məsələ ilə hər hansı addım atmamasına təsəsüfləndiyini vurğulayıb: "Bu cür hallara yol verilməməli və Türkiyə hökuməti bu məsələyə diqqət yetirməlidir".
Xatırladaq ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər.