Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib Siyasət

Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil edilən BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunun açılış mərasimində və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun Yüksək səviyyəli iclasında iştirak edib.

Forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Migel Moratinos, İspaniyanın inklüzivlik, sosial təhlükəsizlik və miqrasiya naziri Elma Saiz Delqado və Tükiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın çıxışları dinlənilib.

Forumda Azərbaycanı mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil ediblər.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. “BMT-nin Sivilizasiyalar Alyansı: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” mövzusunda keçirilən builki Forum Alyansın yaranmasının 20 illiyinə və üçüncü onilliyə daxil olması münasibətilə davamlı sülhün təmin edilməsi istiqamətində gələcək fəaliyyət planının müəyyənləşdirilməsinə həsr olunub.

Cavid