Ciddi düşünməliyik Siyasət

Ciddi düşünməliyik

Qüdrət Həsənquliyev: "10 milyon əhalisi olan ölkə üçün 20 milyardlıq büdcə böyük rəqəm deyil"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında, 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələrinini müzakirəsi zamanı çıxış edib, fikirlərini bölüşüb. Millət vəkili əvvəlcə Yeni Azərbaycan Partiyasını (YAP) 25 illiyi münasibətilə təbrik edib: "Azərbaycan xalqınını rifahı istiqamətində göstərdikləri səylərdə onlara uğurlar arzulayıram".
Millət vəkil bildirdi ki, bizə təqdim olunan səbədlərə əsasən 2017-ci ilin 8 ayında dövlət büdcəsinin mədaxil proqnozu 100,9 faiz, Vergilər Nazirliyi tərəfindən 100,1 faiz, Gömük Komitəsi üzrə isə 118,2 faiz yerinə yetirilib: "Əlbəttə bu pozitiv göstəricilərdir. Bundan başqa manatın kursu sabitləşib və bunun nəticəsi olaraq sahibkarlar artıq öz pullarını istehsal müəssisələrinin yaradılmasına, xüsusilə tikinti sektoruna yatırmağa başlayıblar. Pilot layihələri özünü doğruldur. Arıq onminlərlə Azərbaycan vətəndaşı təkcə Bakı şəhərində pilot layihələr çərçivəsində işlə təmin olunublar".

"Müharibə bitməyib"

Millət vəkili "düşünürəm ki, 10 milon əhalisi olan ölkə üçün 20 milyardlıq büdcə böyük rəqəm sayıla bilməz",- deyə vurğuladı: "Amma bununla belə bu vəsaitlərin bölüşdürülməsi kifayət qədər ədalətli deyil. Həm də ölkəmizin iqtisadiyyatına, əhalinin sosial müdafiəsinin təmin olunmasına lazımi səviyyədə xidmət göstərmir. İlk olaraq qeyd etmək istəyirəm ki, Hesablama Palatasının bizə təqdim olunmuş rəyində, 72 saylı cədvəldə qeyd olunur ki, respublikanın rayon və şəhərlərində əlil və şəhid ailələri üçün evlərin tikintisinə 27,5 milyon manat vəsait ayrılır. Siz bilirsiniz ki, Azərbaycanda hələ müharibə bitməyib, torpaqlarımız işğal altındadır. Sabah yenə də Azərbaycan zabitləri və əsgərləri öz həyatları ilə risk edərək, torpaqlarımızı azad etmli olacaqlar. Belə olduğu təqdirdə onlar əmin olmalıdırlar ki, əgər həyatlarını itrərlərsə ailələri dövlət qayğısı ilə tam təmin olunacaqlar. 27,5 milyon manat rəqəmi çoxları üçün böyük görünə bilər. Amma təqdim olunmuş sənədlərdə göstərilmir ki, Azərbaycanda nə qədər əlil və şəhid ailələri var ki, onlar mənzil növbəsinə dayanıblar? Onlar neçə ildir ki növbədədirlər? Bu qədər vəsaitlə onlardan neçəsi mənzillə təmin olunacaq? O halda əlbəttə ki, millət vəkilləri və hökumət üzvlərində də aydın mənzərə yaranmış olar. Yaxud, qaçqınların, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, burada qeyd olunur ki, xarici kreditlər hesabına 42,1 milyon, Dövlət Neft Fondundan isə 200 milyon manat ayrılacaq. Mən, ötən dəfə komitə iclasında da söyləmişdim ki, Azərbaycanda 4600 məcburi köçkün qəzalı binalarda yaşayır. Bu vəsaitlə onlardan neçəsini mənzillə təmin etmək mümkün olacaq? Bu barədə bizə aydın bir məlumat verilsəydi daha doğru olardı.

"25 ildir ki, qəzalı binada yaşayırlar"

"Əlbəttə hörmətli Mehriban xanım birinci vitse prezident təyin olunandan sonra, onun müraciəti əsası əsasında Paşa Holdinq tərəfindən bizim qaçqınlara mənzil tikilir", - deyən millət vəkili diqqətə çatdırdı ki, bu çox təqdirəlayiq haldır: "Onun müraciəti əsasında tikinti sekrorunda olan bəzi sahibkarlar Nərimanov rayonu ərazisində belə bir təşəbbüsə qoşulublar. Onlar da qaçqınlar üçün mənzil ayırırlar. Bu çox müsbət haldır. Amma onlar 25 ildir ki, qəzalı binada yaşayırlar. Allah təala insana nə qədər ömür verib ki? Bunlar bundan sonra nə vaxta qədər qəzalı binada yaşayacaqlar? Bilirsiniz, bu barədə biz ciddi düşünməliyik. İlk növbədə dövlət vətəndaşa, vətəndaş hökumətə, insanlarımiz bir-birinə nə dərəcədə hörmət, qayğı, diqqətlə yanaşırlarsa dünya da o xalqlara hörmət edir. Ona görə də mən, hökumət üzvlərinə müraciət edərək, onları çağırıram ki, qaçqınlara, şəhid ailələrinə mərhəmət nümayiş etdirsinlər. Lazım olan vəsaiti artırsınlar. Çalışaq ki, biz, uzun illər acınacaqlı vəziyyətdə yaşayan qaçqınların nəhayət bir neçə il ərzində mənzil şəraitləri ilə bağlı problemlərini həll edək. Mən televiziyada bəzi süjetlərə baxmışam. Bilmirəm hökumət üzvləri bunlara baxa bilib, yoxsa yox. Elə yerlər var ki, qadınlar səhərlər kişilərlə birlikdə ayaqyolu növbəsinə dayanırlar. Bu bizim nə milli mənəviyyatımıza uyğundur, nə də xalqımıza yaraşan bir məsələ deyil. Əgər dövlətimizin imkanlarının olmamasına əmin olmasaydım bu məsələnin üzərinə təkrar qayıtmazdım. Amma mən bilirəm ki, bizim buna imkanımız çatır və bu problemi aradan qaldıra bilərik".
Millət vəkili əlavə etdi ki, tikinti sektoru üçün 4, 9 milyard manat vəsait ayrılır: "Hesab edirəm ki, başqa sahələrdən kəsib, bu sahəyə vəsait yönəltmək olar".

"Naxçıvanda elektirik avtomobillər yığaq"

BAXCP sədri Naxçıvan Muxtar Respublikası ilə bağlı da danışdı: "Başqa bir məsələ mənim seçildiyim Naxçıvanla əlaqədardır. Bilirisiniz ki, bu il Naxçıvana 282 milyon manat investisiya ayrılır. Naxçıvanda hər kəs bilir ki, cənab prezidentin Naxçıvana xüsusi diqqəti, qayğısı, dəstəyi olmasa, bu qədər vəsait ayrılmaz və orada həyat mümkün olmaz. Ona görə ki, Naxçıvanın büdcəsinin özünün gəlirlərinin hesabına formalaşan hissəsi cəmi 20 faiz təşkil edir - 73,4 milyon. Ona görə də mən təklif edirəm ki, Naxçıvanda sənayenin inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bilirsiniz ki, Çinlə birgə Naxçıvanda avtomobillər yığılırdı və bu da bir neçə 10 rəqəmi ilə ifadə olunurdu. Açıq deyək ki, həmin avtomobilləri də almırlar. İnsanlarımız Cənubi Koreya, Yaponiya, Almaniya, Amerika Birləşmiş Ştatlarında istehsal olunan avtomobillərə üstünlük verirlər. Şamaxıda "Azsamand" deyilən avtomobil yığılırdı. Özünü doğrultmadığı üçün bağlanıb. Belə olduğu halda Neftçalada İranla birlikdə ikinci avtomobil zavodunun tikilməsinə nə ehtiyac var? Axı o avtomobilləri heç kim almayacaq. Özü də dünya elektiriklə işləyən avtomobillərə keçir. Olmaz ki, Naxçıvanda olan zavodu rekonstruksiya edək, qabaqcıl şirkətlərdən birini dəvət edək və orada elektirik avtomobillər yığaq. Bununla da Orta Asiya, İrana, Türkiyəyə, hətta Rusiyaya da yeni avtomobillər sataq. Avropada artıq bir çox ölkələr konkret olaraq qarşılarına məqsəd qoyublar ki, yaxın 10 il ərzində onların şəhərlərində benzinlə işləyən avtomobillər olmayacaq. Başqa bir məsələ, alternativ və bərpa olunan enerji mənbələri üzrə 7 milyon manata yaxın vəsait ayrılır. Əslində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi özü bu sahəni inkişaf etdirməliydi və büdcəyə vergi verməliydilər. Əksinə biz bunlara pul ayırırırq. Əvvəla bu agentliyi ləğv edib, onu Energetika Nazirliyinə vermək olar. Onsuz da Energetika Nazirliyi elə də çox böyük işlə yüklənməyib. Bu 7 milyon manat vəsaitə də qənaət etmək mümkün idi. Düşünürəm ki, bu addımı atmağımıza çox böyük ehtiyac var. Naxçıvanla bağlı bir məsələyə də toxunmaq istəyirəm. Uzun illər idi ki, Naxçıvanda Türkiyə və İranla birlikdə azad iqtisadi zonannın yaradılacağı ilə bağlı danışıqlar gedirdi. Ona görə ki, bunu üstünlükləri da var. Bu həm də Naxçıvanın təhlükəsizliyinə təminat da olardı. Amma bu məsələ yubanır və buna da aydınlıq gətirilməsi yaxşı olar. Bundan başqa bilirsiniz ki, Konstitusiyaya görə, mülkiyyətin 3 növü fərqləndirilir. Dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti. Konstitusiyanın 29-cu maddəsinə görə də, mülkiyyətin heç bir növünə üstünlük verilmir.

Reklam AzTV və İTV-yə yox, özəl televiziyalara verilsin

Vaxtilə, biz 2004-cü ildə İctimai televiziya yaradanda qərar qəbul etdik ki, bu televiziyanın əsas məqsədi müxtəlif baxış və əqidələri əks etdirmək olacaq. Bildirildi ki, bu televiziyanın maddi texniki bazası yaradılır, amma sonradan dövlət hesabına maliyyələşməyəcək. Digər televiziyalar, məsələn Lider, yaxud Xəzər televiziyaları populyarlığına görə, heç də geri qalmır. Biz bir televiziyaya vəsait ayırırıq, amma o biriləri ilə bağlı bu addımı atmırıq. Əlavə olaraq reklam da verilir. Onda gəlin dövlət televiziyası və İctimai televiziyaya reklam verilməsini qadağan edək ki, digər televiziyalar yaşaya bilsinlər. Mən bilirəm ki, bu televiziyalar böyük problemlər içərisindədirlər".

Ədliyyə Nazirliyinə vəsait ayırmaq lazımdır

Millət vəkili sonda Sabirabad əhalisinin xahişini də diqqətə çatdırdı: "Bu yaxınlarda Sabirabadda bir hüzr yerində oldum. Əhali məndən bir xahiş etdi. 43 kilometr olan, 18 kəndi əhatə edən Noxudlu deyilən bir yol var. Bu kəndlərdə də 40 min əhali yaşayır. Onlar bildirdilər ki, uzun illərdir bu yolun təmiri plana salınır. Amma hər dəfə maliyyə çatışmazlığına görə bu yol tiklilmir. Yolun yenidən tikilməsi üçün hökumət yenidən bu məsələyə xüsusi diqqət göstərsin və vəsait ayırsın. Sonda onu da söyləmək istəyirəm ki, bizdə məhkəmələrin sayı ümumavropa göstəricisindən xeyli azdı. Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropada isə bu rəqəm 20-dir. Ona görə də, Ədliyyə Nazirliyinə vəsait ayırmaq lazımdır ki, heç olmasa hakimlərin sayını 2 dəfə artıra bilsin. Bundan başqa ötən dəfə də məsələ qalxdı ki, Penitensiar Xidmtələ bağlı da vəziyyətin yaxşılaşdırılması üçün ora xüsusi vəsait qoymağa ehtiyac var".

Əli