BAXCP sədri hökumətə səslənib Siyasət

BAXCP sədri hökumətə səslənib

"Prezidentin tapşırığını yerinə yetirin"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edib.
Qeyd edək ki, ilk olaraq Milli Məclisin 2018-ci il üçün xərclər smetası müzakirə olunub. Bu haqda Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib.
Qüdrət Həsənquliyev Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyevə və Maliyyə naziri Samir Şərifova sualla müraciət edib: "Milli Məclis hakimiyyətin müstəqil qanadıdır, 125 deputatı var. Parlament beynəlxalq təşkilatlarda təmsil olunur. Hər birimiz bilirik ki, Milli Məclisin böyük aparatı mövcuddur. Çoxlu ezamiyyələr var. Mənim üçün çox maraqlıdır. Məsələn, Prezident Administrasiyasının saxlanılmasına 94 milyondan artıq, yəni Milli Məclisin xərclərindən 4 dəfə çox vəsait xərclənir. Maraqlıdır, bu oradakı ştat sayına görədir, yoxsa Prezident Administrasiyasının əməkdaşları xaricə daha çox ezamiyyətə gedirlər? Yəni bu nə ilə bağlıdır? Bu fərq 2 dəfə olsa yenə başa düşmək olar. 4 dəfə fərqin olması mənim üçün təəccüblüdür. Çox xahiş edərdim ki, bu məsələyə aydınlıq gətirilsin".
Millət vəkili daha sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı fikirlərini bölüşüb: "Deputat həmkarlarımın qaldırdığı bir çox məsələləri dəstəkləyirəm, özüm isə bir məsələyə münasibət bildirmək istəyirəm. Komitə iclasında da mən hamiləliyə, doğuşa və uşağın anadan olmasına görə ayrılan vəsaitlərlə bağlı danışmışdım.
Uşağın anadan olmasına görə, cəmi 7 milyon 200 min manat vəsait ayrılıb. 2016-cı ildə Azərbaycanda 159464 uşaq doğulub. Burada hər uşağa görə, təqribən 45 manata qədər vəsaitdən söhbət gedir ki, bu da olduqca kiçik bir rəqəmdir. Mən bu məsələnin üzərinə niyə gəldim? Ona görə ki, bu yaxınlarda mətbuatda Beynəlxalq Elmi Tədqiqat Ərzaq Siyasəti İnstitutu və Ərzaq Təhlükəsizliyi üzrə Mərkəzin bir hesabatı ilə tanış oldum. Həmin hesabatda qeyd olunurdu ki, Azərbaycanda, Ermənistanda, Tacikistanda uşaqların boy artımında gecikmə var. Boy artımının gecikməsi isə təkcə uşağın boyu ilə bağlı olan məsələ deyil. Həm də onun əqli inkişafına da birbaşa mənfi təsir göstərən məsələdir. Bundan başqa uşaqların keyfiyyətsiz qidalanması əqli zəiflikdən başqa psixoloji, sosial problemlər də yaradır. Mən kiçik bir araşdırma apardım. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan alçaqboylu ölkə hesab olunur. Azərbaycan 200 ölkə arasında qadınların boyuna görə 113-cü yerdə, kişilərin boyuna görə isə 115-ci yerdədir. Yeri gəlmişkən, qonşu Gürcüstan 49-cu, Trükiyə isə 79-cu yerdədir. Bizim Pediatriya Elmi Tədqiqat İnstitunun rəhbərinin mətbuata verdiyi açıqlamaya görə, Azərbaycanda uşaqların 6 faizinin boy artımında gecikmə var. Təəssüf ki, statistikaya görə, Azərbaycanda uşaqların 55 faizi ana südü ilə qidalanmır. Bu da əlavə problemlər yardır. Məsələn, Britaniyanın Esseks Universitetinin araşdırmalarına görə 100 ildə Avropada insanların boyu 11 santimetr artıb. Azərbaycanda isə uşaqların 6 faizinin boy artımında gecikmə var. Yəni belə çıxır ki, bizim boyumuz artmaq əvəzinə azalır. Məsələn, Avropada insanların boyu 179 Azərbaycanda isə 172 santimetrdir. Bir çox hallarda insanın boy artımına təsir göstərən əsas məsələ proteinlə zəngin olan ət, toyuq, balığn az istehlak olmasıdır. Məsələn, göstəricilərə görə, Azərbaycanda Avropa ölkələri ilə müqayisədə 3 dəfə az balıq istehlak olunur. Mən bunu niyə misal gətirdim? Avropada orta aylıq əmək haqqı Azərbaycandan 8 – 10 dəfə artıq olsa da, orada, məsələn, Finlandiyada hər uşağa 17 yaşına qədər 100, Macarıstanda 40, İrlandiyada 140, Danimarkada 145, Almaniyada 192 avro pul verilir. Biz isə uşaqpulunu ləğv etdik. Biz çalışmalıyıq ki, bu məsələyə mütləq baxaq. Bizim Konstitusiyamızda da yazılıb ki, dövlət insanların sosial qayğısına qalmalıdır. Uşaqlarımızın normal qidalanması üçün uşaqpulu verməliyik ki, valideynlərin aldığı maaşdan asılı olaraq, yaxud olmayaraq onları heç olmasa minimum qida ilə təmin edə bilək".
Millət vəkili, eyni zamanda, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun noyabrın 22–də Milli Məclisdəki çıxışından təəssüf hissi keçirdiyini deyib: "Səlim müəllim bildirdi ki, 2014-cü ildə Prezidentin sərəncamına əsasən, şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı üçün ildə 50-60 milyon manat nəzərdə tutulsa da, bu məbləğ tam təmin edilməyib. Prezidentin sərəncamına görə, bu qrup əhalinin mənzillə təminatı 2019-cü ildə həll edilməli idi. Lakin bu məbləğin nəzərdə tutulan miqdarda ayrılmaması o deməkdir ki, həmin şəxslər hələ illərlə növbə gözləməlidirlər. Bu vəsaitin azaldılması əsaslandırılmalıdır. Əgər bunu əsaslandırmısınızsa, Prezidentin tapşırığını yerinə yetirin"

Əli