
“Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri Bakı və Riqa arasındakı münasibətlərin daha praktiki və iqtisadi müstəviyə keçirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən və Cənubi Qafqazda sabitlikdə maraqlı olan beynəlxalq subyektdir. Bu əlaqələrin perspektivi üçün ötən dövr üzrə düyünlü məqamların qalmasına imkan vermir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın yeni situasiyada uğurla realizə etdiyi enerji siyasətində Avroittifaqın mühüm yer tutduğunu, üstəlik Xəzər dənizindən Avropaya çəkiləcək enerji xətlərinin Latviya özü də daxil Baltikyanı ölkələrin enerji təhlükəsizliyi arxitekturasında dolayısı ilə yer almasını nəzərə alsaq, habelə Latviyanın da İttifaqının üzvü olması prezident Rinkeviçsin səfərinin həm də Azərbaycanın Avropa İttifaqı ilə enerji və təhlükəsizlik sahəsindəki bağlarını gücləndirən bir körpü rolunu oyna bilər: “Digər tərəfdən, Azərbaycanın Latviya üçün təkcə ənənəvi enerji mənbəyi deyil, həm də "yaşıl enerji" keçidində potensial tərəfdaş olmasını nəzərə alsaq, bu tezis özünü daha da doğruldur. Latviya Prezidentinin səfəri bu mənada qarşılıqlı ticari dövriyyə üçün də mühüm hərəkətverici amilə çevrilə bilər. Cənab İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşdə də ifadə etdiyi kimi "Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik"”.
B.Məhərrəmov vurğulayıb ki, bu bəyanat əslində ciddi siyasi iradə ilə reallaşacaq mühüm bir mərhələdən xəbər verir: “Daha dəqiq desək, proses özlüyündə Orta Dəhliz və Baltik dənizi limanları arasında əlaqələrin qurulması, Latviyanın rəqəmsallaşma təcrübəsinin Azərbaycanda tətbiqi, qida sənayesi üzrə birgə müəssisələrin yaradılması çoxvektorlu perspektivə malikdir. Eyni zamanda, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə, xüsusilə "ağıllı şəhər" və infrastruktur layihələrində iştirakı bu səfərin konkret nəticələrindən birinə çevrilə bilər. Qeyd edilənləri ümumiləşdirsək, cənab Rinkeviçsin səfəri Azərbaycanın Baltik regionunda ən etibarlı tərəfdaşlarından biri ilə münasibətlərini bir daha müsbət mənada nəzərdən keçirərək yeni nizama uyğunlaşdırmaq və geosiyasi proseslərdə qarşılıqlı dəstəyi təmin etməsi baxımından strateji gedişdir”.
Röya İsrafilova