15:33
791
“Luis Moreno Ocampo haqqında danışarkən qeyd etmək lazımdır ki, o, beynəlxalq hüquq sahəsində tanınsa da, fəaliyyəti bir sıra hallarda ciddi mübahisələr və qalmaqallarla müşayiət olunub”.
Bu fikirləri deputat Elşad Musayev “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.
O qeyd edib ki, xüsusilə 2023-cü ildə Qarabağ məsələsi ilə bağlı hazırladığı hüquqi rəy onun mövqeyinin obyektivliyini ciddi şəkildə sual altına alıb: “Həmin rəyin siyasi motivli, hüquqi baxımdan zəif və birtərəfli olduğu Azərbaycan tərəfindən əsaslı şəkildə bildirilib. Bu gün Ermənistan-Azərbaycan münaqişəsi artıq yekunlaşma mərhələsindədir və tərəflər sülh sazişinə doğru addımlar atır. Lakin buna baxmayaraq, bəzi Avropa institutlarında hələ də qərəzli yanaşmaların qalması narahatlıq doğurur. Təəssüf ki, bəzi hallarda bu dairələr ermənilərdən daha artıq ermənipərəst mövqe nümayiş etdirirlər.
Ocamponun çıxışları bir daha göstərir ki, Avropa İttifaqı daxilində lobbiçilik fəaliyyəti, xüsusilə də qərəzli və maliyyə təsiri altında formalaşan lobbiçilik kifayət qədər geniş yayılıb. Bu isə artıq təkcə siyasi məsələ deyil, həm də institusional etibar problemi yaradır”.
Millət vəkili bildirib ki, uzun illərdir ki, Avropa mətbuatında da bu kimi hallar ifşa olunur, müəyyən şəxslər məsuliyyətə cəlb edilir: “Amma görünən odur ki, proses hələ də davam edir. Bu baxımdan, hesab edirəm ki, Avropa İttifaqında bu kimi iddialar ciddi şəkildə araşdırılmalı, obyektiv qiymət verilməli və şəffaflıq təmin olunmalıdır”.
Günel Elxan