Azərbaycan-ABŞ münasibətləri uğurla inkişaf edir Siyasət

Azərbaycan-ABŞ münasibətləri uğurla inkişaf edir

Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.
Malkolm Honlayn prezident İlham Əliyevlə bundan əvvəl keçirdikləri görüşləri məmnunluqla xatırlayıb.
Qonaq Bakıya hər dəfə gəldikdə, burada gördüyü dəyişikliklərin və inkişafın onda dərin təəssürat yaratdığını qeyd edib. O, Bakıda keçiriləcək "2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Bakıda keçiriləcək "2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq" beynəlxalq konfransının əhəmiyyətini qeyd edərək Malkolm Honlaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb, konfransın dinlər və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı, ölkəmizdə bərqərar olan multikulturalizm mühitinin bir nümunə olduğu qeyd edilib, Bakının artıq beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyi vurğulanıb.
Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.