Zəngəzur dəhlizi bölgədə sülhə xidmət edəcək” Siyasət

Zəngəzur dəhlizi bölgədə sülhə xidmət edəcək”

“Zəngəzur dəhlizinin açılması Azərbaycanın strateji maraqlarına tam uyğundur və regionda sülh, sabitlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”.

Bu fikirləri politoloq Oqtay Qasımov xalqcebhesi.az-a açıqlamasında səsləndirib.

Politoloqun sözlərinə görə, rəsmi Bakı TRIPP marşrutu çərçivəsində Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir və bu istiqamətdə əldə olunan razılaşmaların reallaşmasında maraqlıdır: “Ötən ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, Ermənistan və ABŞ bu layihənin icrası istiqamətində birgə fəaliyyət göstərirlər. Dəhliz üzrə təhlükəsiz və maneəsiz keçidin təmin olunması məsələsi Azərbaycanın maraqlarına uyğun şəkildə nəzərdə tutulub. Texniki, iqtisadi, maliyyə və hüquqi məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və yekunlaşdırılıb”.

Oqtay Qasımov qeyd edib ki, ABŞ dövlət katibinin Ermənistana son səfəri zamanı da bu məsələ ilə bağlı əlavə anlaşmalar əldə olunub: “Ermənistanda seçkilərdən sonra layihənin icrası ilə bağlı sahədə real işlərin başlanması ehtimalı yüksəkdir.
Dəhlizin açılması yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün mühüm iqtisadi və siyasi dividendlər vəd edir.
Kommunikasiyaların açılması, regional əməkdaşlığın genişlənməsi və iqtisadi əlaqələrin güclənməsi bütün regionun inkişafına müsbət təsir göstərəcək. Bu, Cənubi Qafqazın daha sabit və təhlükəsiz məkan kimi formalaşmasına xidmət edə bilər”.

Ekspert hesab edir ki, ABŞ və Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, proseslərin Azərbaycanla paralel və balanslı şəkildə aparılması regionun maraqlarına cavab verir:
“Keçmişdə regiona birtərəfli yanaşmalar gözlənilən nəticələri vermədi. Bu gün artıq Cənubi Qafqaza vahid məkan kimi yanaşmaq, bütün tərəflərin maraqlarını nəzərə almaq daha rasional yanaşmadır. Bu, gələcəkdə gərginlik risklərinin azalmasına da xidmət edə bilər. Müəyyən risklər hər zaman mövcud olsa da, Azərbaycanın əsas məqsədi Zəngəzur dəhlizinin mümkün qədər qısa müddətdə fəaliyyətə başlamasıdır.
Düşünürük ki, bu layihənin reallaşması regionda sülhün möhkəmlənməsinə təsir göstərə biləcək əsas amillərdən biri olacaq”.

Günel Elxan