
Afrika İttifaqına sədrlik edən ölkə BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır.
Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda afrikalı jurnalistin sualını cavablandırarkən bildirib.
“BMT Təhlükəsizlik Şurasında islahat məsələsinə gəldikdə, bu mövzu vaxtaşırı gündəmə gətirilsə də, indiyədək nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb. Azərbaycanın bu məsələyə dair öz mövqeyi var. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə biz Təhlükəsizlik Şurasının islahatı ilə bağlı öz təklifimizi irəli sürmüşdük. Hesab edirik ki, islahat inklüziv və təmsilçilik baxımından ədalətli olmalıdır. Bizim təklifimiz belə idi ki, rotasiya prinsipi əsasında Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilsin. Məsələn, həmin vaxt Hərəkata sədrlik edən ölkə veto hüququna malik daimi üzv kimi çıxış edə bilər. Eyni qayda ilə bir daimi yer İslam Əməkdaşlıq Təşkilatına ayrılmalıdır. Çünki müsəlman ölkələri də hazırda Təhlükəsizlik Şurasında təmsil olunmur. Bu yer də rotasiya prinsipi ilə istifadə edilməlidir. Həmçinin bir daimi yer Afrika İttifaqına verilməlidir və həmin vaxt Afrika İttifaqına sədrlik edən ölkə Təhlükəsizlik Şurasında təmsil olunmalıdır. Hesab edirəm ki, bu, Təhlükəsizlik Şurasında daha ədalətli və balanslı təmsilçiliyi təmin edər. Biz bilirik ki, bəzi ölkələr daimi üzvlük əldə etməyə çalışırlar. Lakin əgər nə vaxtsa islahat baş verərsə, onda hansı meyar əsasında məhz bir ölkənin seçilib, digərinin seçilməməsi müəyyənləşdirilməlidir?”, - dövlət başçısı deyib.
Prezident İlham Əliyev qeyd edib ki, əhali sayı meyar ola bilməz: “İqtisadi potensial da belə meyar deyil. Məhz buna görə də bizim təklifimiz inklüzivliyə əsaslanır. Bu yerlər rotasiya prinsipi ilə istifadə olunacaq. Əslində, Təhlükəsizlik Şurasının hazırkı üzvlərinin əksəriyyəti də rotasiya əsasında seçilir. Sadəcə, bizim təklifimizə görə, bu yeni daimi yerlər veto hüququna da malik olmalıdır. Əks halda BMT nüfuzunu itirməyə davam edəcək və beynəlxalq münasibətlərdə, eləcə də münaqişələrin həllində digər güc mərkəzlərinin kölgəsində qalacaq. Əlbəttə ki, hamımız sülh istəyirik. Afrikada sülhün bərqərar olması dünyanın istənilən bölgəsində olduğu kimi eyni dərəcədə vacibdir. Mən hesab edirəm ki, qitədə hələ də münaqişə ocaqlarının qalmasının əsas səbəblərindən biri xarici müdaxilədir. Xarici müdaxilə aradan qalxarsa, düşünürəm ki, sülhə daha tez nail olmaq mümkün olacaq. Əlbəttə, burada əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür. Qeyd etmək istərdim ki, Azərbaycanın Afrika İttifaqına üzv dövlətlərlə münasibətləri də inkişaf edir. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə, xüsusilə COVID-19 pandemiyası zamanı, 80 ölkəyə humanitar yardım göstərmişdik. Bu ölkələrin böyük hissəsi Afrika dövlətləri idi və onlar Azərbaycanın dəstəyindən faydalanıblar. Forumda iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Zəhmət olmasa, həmkarlarınıza və dostlarınıza da bizim salamlarımızı çatdırın”.