
Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır.
Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Özbəkistan Prezidenti Şavkat Miromonoviç mənim aramda olan şəxsi dostluğumuz münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Qarabağın bərpasında bizə birinci yardım edən Özbəkistan Prezidenti olub. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl və böyük məktəb inşa edilib, Şavkat Miromonoviçlə birlikdə o məktəbin açılışını həyata keçirdik. Ondan sonra, digər qardaş dövlətlər bizə hədiyyələr ediblər. Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib. Hər dəfə Özbəkistanda olanda bir daha əmin oluram ki, xalqlarımız nə qədər bir-birinə yaxındır, bir-birinə bağlıdır. Yazılı sözləri görəndə, heç bir tərcüməyə ehtiyac olmur. Dillərimiz bir-birinə çox bənzəyir. Təbii ki, tələffüzdə bir qədər fərq var, amma prinsipcə hər şey anlaşılır. Çox böyük tarixi əlaqələrimiz bizi birləşdirir. Özbəkistanla əlaqələrin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Onu da bildirməliyəm ki, Özbəkistan təkcə məktəblə öz qardaşlıq missiyasını yekunlaşdırmayıb. Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi – tikiş fabriki Özbəkistan sərmayəsi hesabına açıldı və yenə də hörmətli Prezident Mirziyoyevlə o fabrikin açılışını həyata keçirmişik. Bir çox iqtisadi sənaye layihələri icra edilir. Biz birgə sərmayə fondu yaratdıq. 500 milyon dollar dəyərində investisiya fondu həm Azərbaycanda, həm Özbəkistanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bu gün Azərbaycan neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə müjdə verəcəklər”, - dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidentinin sözlərinə görə, çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir: “Ümid edirəm ki, Üstyurd yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq. O ki qaldı Azərbaycan-Mərkəzi Asiya formatına. Burada da Prezident Mirziyoyevin xüsusi rolu var. Azərbaycan artıq tamhüquqlu üzv kimi bu məşvərət şurasına qoşuldu. İki dəfə mən fəxri qonaq qismində zirvə görüşlərinə dəvət edilmişdim. Son dəfə isə artıq Azərbaycan+Mərkəzi Asiya vahid Məşvərət Şurası yaradılıb və bu bizi çox qürurlandırır, çox sevindirir. Bu, unikal bir hadisədir. Çünki coğrafi nöqteyi-nəzərdən Cənubi Qafqazda yerləşirik, amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclü və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər. Bu geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Beləliklə, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda bağlantılar, nəqliyyat-logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Əlbəttə, Prezident Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol oynayıb. Fürsətdən istifadə edib özbək qardaşlarımızı uğurları münasibətilə təbrik etmək istəyirəm. Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu il də olacağam. Hər dəfə orada olanda, yenilikləri görəndə çox sevinirəm. Bilirəm ki, qardaş Özbəkistan xalqı Prezident Mirziyoyevin rəhbərliyi ilə inamla irəliləyir”.