
“Ermənistanda son siyasi proseslər göstərir ki, ölkədə əsas mübarizə artıq demokratiyanın inkişafı uğrunda deyil, hakimiyyətin qorunması uğrundadır”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan 2018-ci ildə küçə etirazlarının yaratdığı legitimlik dalğası ilə hakimiyyətə gəlsə də, bu gün onun siyasi davranışı həmin inqilabın vədləri ilə ciddi ziddiyyət təşkil edir:
“Müxalifətin zəiflədilməsi, siyasi rəqiblərin hüquq-mühafizə sistemi vasitəsilə neytrallaşdırılması və dövlət resurslarının hakim partiyanın maraqları üçün səfərbər edilməsi Ermənistanın siyasi sistemində avtoritar meyillərin gücləndiyini göstərən əlamətlər kimi qiymətləndirilə bilər.
Paradoks ondadır ki, Ermənistanda hakimiyyət üsulu dəyişsə də, hakimiyyət fəlsəfəsi dəyişmir.
Bir vaxtlar Robert Koçaryan və Serj Sarkisyan dövründə təhlükəsizlik strukturlarına söykənən idarəetmə modeli mövcud idisə, indi həmin metodlar ‘demokratik legitimlik’ adı altında tətbiq edilir. Yəni forma dəyişir, məzmun isə böyük ölçüdə eyni qalır”.
Politoloqun sözlərinə görə, diqqət çəkən digər məqam Qərbin yanaşmasıdır:
“Beynəlxalq siyasətdə demokratiya çox vaxt universal prinsip kimi təqdim olunsa da, praktikada geosiyasi maraqlar çox zaman bu prinsipləri üstələyir. Ermənistan Qərbin Cənubi Qafqaz strategiyasında mühüm yer tutduğu üçün İrəvandakı siyasi proseslərə münasibətdə daha yumşaq ritorikanın seçilməsi təəccüb doğurmur. Eyni hadisələr başqa ölkədə baş verdikdə sərt bəyanatlar verilə bildiyi halda, Ermənistanda oxşar proseslər daha çox ‘daxili hüquqi prosedurlar’ kimi təqdim edilir. Bu isə beynəlxalq münasibətlərdə ikili standartlar barədə müzakirələri yenidən gündəmə gətirir”.
O əlavə edib ki, geosiyasi baxımdan Ermənistan yeni mərhələyə daxil olur:
“Əgər uzun illər Moskvanın əsas regional dayağı hesab edilirdisə, indi Qərblə yaxınlaşma İrəvanın xarici siyasətinin prioritetinə çevrilib. Lakin kiçik dövlətlərin böyük güclər arasında balans siyasətini itirməsi onları daha həssas vəziyyətə salır. Ermənistanın bir geosiyasi mərkəzdən digərinə sürətli istiqamət dəyişməsi ölkəni rəqabətin obyektinə çevirə bilər. Belə şəraitdə daxildə siyasi repressiyaların artması və xaricdə bir güc mərkəzinə həddindən artıq bağlanmaq ölkənin strateji manevr imkanlarını məhdudlaşdırır”.
Elman Telmanoğlu vurğulayıb ki, nəticə etibarilə Ermənistanın qarşısında duran əsas problem artıq yalnız demokratiyanın taleyi deyil:
“Söhbət dövlət institutlarının siyasi hakimiyyətin alətinə çevrilməsi, geosiyasi seçimlərin daxili siyasi sabitliyi zəiflətməsi və ölkənin böyük güclərin rəqabət meydanına çevrilməsi riskindən gedir. Tarix göstərir ki, xarici dəstəyə arxalanan avtoritar meyillər müəyyən müddət davam edə bilər, lakin cəmiyyətin siyasi iştirak imkanları məhdudlaşdıqca daxili gərginlik qaçılmaz olur. Ermənistanın gələcək siyasi sabitliyi də məhz bu ziddiyyətlərin necə idarə olunacağından asılı olacaq”.
Günel Elxan