“Həmsədlərinin yeni ideyaları yoxdur” Siyasət

“Həmsədlərinin yeni ideyaları yoxdur”

Elxan Şahinoğlu: "Yeganə istəkləri odur ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayı artırılsın"

Mübariz Əhmədoğlu: "Yaxın zamanda prezidentlərin görüşü ilə bağlı təklif irəli sürə bilərlər"

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub. Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər. Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar. Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq. Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu gün ATƏT-in Minsk qrupu həmsədlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyaları yoxdur. Onun sözlərinə görə, həmsədlərin yeganə ideyaları da odur ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayı artırılsın: "Amma bunun heç bir xeyri yoxdur. Çünki bununla status-kvonun uzanmasına şərait yarana bilər. Əlbəttə? biz atəşkəsin qorunması istərdik. Amma indiki vəziyyətdə heç bir addım atılmır və mərhələli plan işə düşmür. Onların danışıqlarında xırda detallar ola bilər ki, bu da münaqişənin həllinə az təsiri olacaq".
E.Şahinoğlu əlavə edib ki, Ermənistanın illərdir gördüyü iş danışıqlar prosesini uzatmaqdır: "İndi də onlar ortaya yeni bəhanə atıblar. Guya neçə illərdir ki, danışıqlar mərhələli şəkildə getmir əksinə paket həlli içində mərhələli həlldən gedir. Bu başdan ayağa saxtakarlıq və yalandır. Çünki Azərbaycan heç bir zaman 1-2-3-cü mərhələni keçmədən danışıqlar prosesində referendum müstəvisində müzakirəyə getməyəcək. Amma bunlar məsələni elə qələmə veriblər ki, guya referendum tarixi müəyyənləşməlidir ki, Ermənistan torpaqları boşaltsın və danışıqlarda bu səpkidə getsin. Çox təəssüf ki, həmsədrlər də bu məsələyə aydınlıq gətirmirlər".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, ümumiyyətlə Azərbaycan xeyli müddət ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasının sayının 13 nəfərə çatdırılmasına razılıq verib: "Əgər inidyədək missiyanın üzvlərinin sayı 6 nəfər idisə, onların sayına 7 nəfər də əlavə olundu. Sadəcə olaraq bunun müəyyən mənada görüntü tərəfləri var idi".: "Görünür onu da razılaşıblar deyə, həmsədrlər regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək onların da mövqeyini örgənəcəklər. Həm də mümkündür ki, həmsədrlər yaxın zamanda prezidentlərin görüşü ilə bağlı təklif irəli sürsünlər və bu görüşün özünü də rəsmi Moskva təşkil etsin. Bu hazırda Dağlıq Qarabağ tənzimlənməsində aktivlik hesab olunur. Həmsədrlərin regiona səfəri çərçivəsində Dağlıq Qarabağa getməsi ilə bağlı heç bir əlavə məlumat yoxdur. Amma adətən belə olub ki, həmsədrlərin Bakıda olma tarixləri ilə Yerevanda olma tarixləri arasında fərq böyük olanda Azərbaycanın qalan ərazisindən keçərək Dağlıq Qarabağa getsinlər. Yəqin ki onlar Dağlıq Qarabağa gedəcəklər. Bu özü də indiki dövrdə həmsədrlərin tənzimlənməni yekunlaşdırmaqla bağlı aktivliyinin göstəricisidir".
Politoloq həmçinin Ermənistan prezidentinin Fransaya səfərinə də toxunub: "Fransaya səfər edən Ermənistan prezidenti bəzi məsələlərdə uğur qazansa da, ermənilərin ümummilli hesab etdiyi məsələlərdə Fransanın mövqeyinin dəyişməsinə dözdü".
O bildirib ki, bəlkə də "erməni soyqırımı" və Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərini S.Sərkisyan güzəştə getməklə qarşıdakı proseslərdə legitimliyinin tanınmasına razılıq əldə etdi: "Emmaunel Makron Ermənistan-Fransa əlaqələrinin 2018-ci ildə aktiv inkişaf edəcəyini, Ermənistan cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi mərasimlərində Fransa xarici işlər nazirinin iştirak edəcəyini, özünün isə Frankafoniyanın Ermənistan sammitinə qatılacağını bildirdi. Bütün bunlar indiki prezident S.Sərkisyanın baş nazir postunda birinci şəxs olmasının legitimləşdirilməsi anlamındadır. E.Makron S.Sərkisyanla görüşdə "erməni soyqırımının" tanınması mövzusuna demək olar ki, toxunmadı. Dağlıq Qarabağ tənzimlənməsində isə Ermənistanın mövqeyinin əksinə olan bəyanatlar verdi. E.Makronun belə mövqeyi onun Ermənistandan ərazi güzəştləri tələb etməsi mövzusunu gündəliyə gətirdi. E.Makronun S.Sərkisyandan ərazi güzəştləri tələb etməsi mövzusu əsassız deyil".
Politoloq əlavə edib ki, Fransa prezidenti birgə mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı baxışlarını S.Sərkisyana çatdırdığını bildirib:
I. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil.
II. İndiki status-kvo qeyri-sabitdir.
III. Yalnız danışıqlar region xalqlarının naminə uzunmüddətli həlli əldə etməyə imkan verir.
IV. Həll bütün tərəflərdən cəsarətli, qarşılıqlı güzəştlər və konkret fəaliyyət tələb edir.
V. Proseslər hələlik kövrəkdir, yerdəki vəziyyət qeyri-sabitdir. Ona görə danışıqların bərpa olunmasının konkret tərəqqiyə gətirib çıxarması mütləq zərurətdir.
VI. Mən şəxsən bu prosesə qoşulmuşam və Fransanın bu məsələdə qərəzsiz vasitəçi rolu oynayacağına qətiyyətliyəm.
VII. Fransa tərəfi Rusiya və amerikalı tərəfdaşları ilə vəziyyəti izləyir və prosesi irəlilətmək üçün bütün imkanları nəzərdən keçirir".
M. Əhmədoğlu qeyd edib ki, E.Makronun Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində iki yeni istiqamət xüsusi diqqət çəkir:
a) O, aktiv beynəlxalq siyasət aparan gənc prezidentdir. Mövqeyində qətiyyət və konkretlik var.
b) Əvvəlki prezidentlərdən xüsusilə F.Olanddan fərqli olaraq E.Makron qoşunların təmas xəttində insidentlərin tədqiqi mexanizminin adını belə hallandırmadı.