“Cənubi Qafqazın gələcəyini İrəvanın siyasi ehtirasları deyil, Bakının strateji reallıqları müəyyən edir” Siyasət

“Cənubi Qafqazın gələcəyini İrəvanın siyasi ehtirasları deyil, Bakının strateji reallıqları müəyyən edir”

“Ermənistanın daxili siyasi səhnəsində, xüsusilə “Güclü Ermənistan” blokunun deputatı İrina Yolyan kimi müxalifət nümayəndələri tərəfindən vaxtaşırı səsləndirilən hakimiyyət dəyişikliyi çağırışları Cənubi Qafqazda mövcud olan güc balansını və hüquqi-siyasi reallıqları dəyişdirmək iqtidarında deyildir. Bu cür bəyanatlar real hakimiyyət dəyişikliyinin anonsu olmaqdan daha çox, Ermənistanın daxili siyasətindəki dərin böhranın və müxalifətin institusional zəifliyinin təzahürüdür. Aydındır ki, hazırkı mərhələdə Nikol Paşinyan hakimiyyətinin devrilməsi və ya daxili təzyiqlər nəticəsində çökməsi ağlabatan görünmür”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov söyləyib ki, Ermənistan cəmiyyətində revanşist ideyalara dəstək verən radikal kəsim mövcud olsa da, geniş xalq kütlələri keçmiş cinayətkar rejimlərin nümayəndələrinin qisasçı ritorika ilə yenidən hakimiyyətə gəlməsində maraqlı deyil: “Siyasi alternativin olmaması, müxalifətin vahid lider və aydın inkişaf platforması təqdim edə bilməməsi İrəvandakı mövcud ikihakimiyyətlilik illüziyasını darmadağın edir. Dolayısı ilə, müxalifətin hakimiyyət dəyişikliyi çağırışları real güc nisbətinə əsaslanmayan, sırf daxili auditoriyaya hesablanmış populizmdən başqa bir şey deyil. Lakin məsələnin daha vacib və strateji tərəfi İrəvanda hakimiyyətə kimin gəlməsindən — istər mövcud hökumətin qalmasından, istərsə də ən radikal revanşist qüvvələrin idarəetməni ələ keçirməsindən — asılı olmayaraq, heç bir siyasi və ya hərbi güc Azərbaycanın 2020–2023-cü illərdə formalaşdırdığı və hazırda isə formalaşmaqda olan regional konfiqurasiyanı dəyişmək imkanına malik deyil”.

Deputatın sözlərinə görə, Azərbaycanın hərbi, diplomatik və hüquqi müstəvidə təmin etdiyi suverenlik və yaratdığı yeni geostrateji arxitektura artıq dəyişməz de-fakto və de-yure reallıqdır: “Bu reallıq beynəlxalq hüququn təməl prinsiplərinə, güc balansına və yeni regional təhlükəsizlik konfiqurasiyasına söykənir. Əgər Ermənistanda hər hansı siyasi dəyişiklik baş verərsə və yeni gələn qüvvələr Bakının müəyyənləşdirdiyi sülh gündəliyini, sərhədlərin delimitasiyası prosesini və ya kommunikasiyaların açılması öhdəliklərini təftiş etməyə cəhd göstərərsə, bu nəinki Azərbaycanın yaratdığı konfiqurasiyanı pozmayacaq, üstəlik belə bir ssenari yalnız və yalnız Ermənistanın özünün növbəti dəfə tarixi və geopolitik dalana dirənməsi ilə nəticələnəcək. Azərbaycanın diktə etdiyi şərtlərdən və sülh təkliflərindən imtina olunması İrəvana heç bir dividend qazandırmayacaq, əksinə, ölkəni regional nəqliyyat və iqtisadi-logistik layihələrdən tamamilə təcrid edəcək. Bunun hüquqi və hərbi-siyasi nəticəsi isə Ermənistan üçün yeni və daha ağır məğlubiyyətlər formatında təzahür edə bilər. Beynəlxalq hüquqda "pacta sunt servanda" prinsipi və dövlətlərin suverenliyi məsələsi Azərbaycanın mövqeyinin hüquqi əsasını təşkil edir və İrəvanın bu öhdəliklərdən yayınmaq cəhdi Bakıya öz milli təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqa uyğun olaraq adekvat addımları atmaq hüququ verir”.

O həmçinin bildirib ki, müasir resursları, ordusu və iqtisadiyyatı darmadağın olmuş bir dövlətin bu təzyiqə tab gətirmək imkanı yoxdur: “Yəni Ermənistanda səslənən hakimiyyət dəyişikliyi bəyanatları regionun gələcək taleyini müəyyən edən faktor deyil və Cənubi Qafqazın gələcəyi İrəvandakı siyasi ehtiraslarla deyil, Bakının müəyyən etdiyi strateji reallıqlarla şərtlənir. Ermənistan rəhbərliyində kimin oturmasından asılı olmayaraq qarşıda yalnız iki yol var: İrəvan ya Bakının yaratdığı yeni regional konfiqurasiyaya inteqrasiya olunub mövcudluğunu sürdürəcək, ya da revanşizm xülyalarına qapanaraq tamamilə dalan dövlətə çevriləcək və növbəti strateji fəlakətlərlə üzləşəcək”.

Röya İsrafilova