11:21
364
İsrail Baş nazir Binyamin Netanyahunun hökumət siyasətinə yönələn tənqidlərə görə Böyük Britaniya və digər Avropa nümayəndələrini Kiryat-Qatdakı Qəzzaya dəstək mərkəzindən çıxarmaq imkanını nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat verib.
Mənbələrin bildirdiyinə görə, son həftələrdə İsrail hökumətində Böyük Britaniya nümayəndələrinin Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəsə nəzarət etmək üçün yaradılmış qərargahdan — Beynəlxalq Qəzzaya Dəstək Mərkəzindən çıxarılması müzakirə olunub. FT mənbələri iddia edirlər ki, oxşar tədbirlər İtaliya və Almaniyaya münasibətdə də nəzərdən keçirilib. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, İsrail daha əvvəl İspaniya və Niderland nümayəndələrini ölkədən çıxardığı üçün Londonun mövqeyinin sərtləşməsinə də "cavab reaksiyası" gözləmək məntiqəuyğundur.
Nəşr xatırladır ki, keçən ay Böyük Britaniyanın Baş naziri Endi Bernem İsrail məskunlaşma məntəqələrindən gələn malların ticarətinə potensial qadağanın qoyulacağını bəyan edib. Parlamentin 140-dan çox üzvü belə bir qadağanın tətbiq olunması tələbi ilə məktub imzalayıb. Bundan əlavə, krallığın xarici işlər naziri Ed Milibend Qüds yaxınlığında "E-1" məskunlaşma məntəqəsinin tikintisini pisləyərək bildirib ki, "Böyük Britaniya kənarda durub "iki xalq üçün iki dövlət" həllinin məhv edilməsi ilə razılaşmayacaq".
Məryəm Quliyeva