“Ermənistanda siyasi “qan dəyişimi” gedir” Gündəm

“Ermənistanda siyasi “qan dəyişimi” gedir”

“Ermənistanda müxalif düşərgədən hakimiyyət dəyişikliyi çağırışlarının səslənməsi təsadüfi hadisə deyil. Mən hesab edirəm ki, Ermənistanda məcazi mənada desək, siyasi “qan dəyişimi” prosesi gedir. Bu dəyişiklik təkcə siyasi hakimiyyətlə bağlı deyil, eyni zamanda Ermənistanın gələcəyə baxışında, qonşu dövlətlərlə münasibətlərində də özünü göstərir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, Ermənistan uzun illər xarici imperialist dairələrin təsiri altında işğalçılıq siyasətini, qonşu torpaqlarına ərazi iddialarını və “böyük Ermənistan” xülyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib: “Lakin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar Ermənistanı bu yanaşmanı dəyişməyə məcbur edib. Son illərdə Nikol Paşinyan və onun komandasının nümayiş etdirdiyi mövqe göstərir ki, Ermənistan artıq qonşuları ilə normal münasibətlər qurmağa, regional iqtisadi proseslərə qoşulmağa və daha praqmatik dövlət siyasəti yürütməyə çalışır”.

N.Azərinin fikrincə, Ermənistanın müstəqil dövlət kimi formalaşması və inkişafı üçün xarici güclərin təsirindən çıxması vacibdir: “Xüsusilə Rusiya ilə bağlı məsələdə Ermənistan daxilində ciddi siyasi qarşıdurma müşahidə olunur. Ermənistanda müxalifətin hakimiyyət dəyişikliyi çağırışları daha çox daxili siyasi mübarizənin tərkib hissəsidir. Qeyd edim ki, hazırkı şəraitdə dinc və seçki yolu ilə hakimiyyət dəyişikliyinin baş verməsi real görünmür. Çünki xalq Paşinyanı və komandasını dəstəkləyir. Deməli, əgər Ermənistanda hakimiyyət dəyişikliyi cəhdi olarsa, bunun əsas risk mənbəyi siyasi proseslərdən daha çox qeyri-konstitusion müdaxilə və xarici təsir ola bilər”.

Əgər hər hansı hakimiyyət dəyişikliyi baş verərsə, bunun Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcəyinə gəlincə, N.Azəri qeyd edib ki, burada əsas məsələ Paşinyanın hakimiyyətdə qalıb-qalmamasından daha çox, Ermənistanın hansı siyasi kursu seçəcəyidir.

Onun sözlərinə görə, əgər hakimiyyətə revanşist və keçmişin ideoloji yanaşmalarını bərpa etmək istəyən qüvvələr gəlsə, bu, Azərbaycanla sülh prosesinə ciddi zərbə vura bilər: “Lakin belə bir ssenarinin reallaşmasını yüksək ehtimallı hesab etmirəm. Ermənistanın öz gələcəyini iqtisadi inkişafda, regional əməkdaşlıqda, Azərbaycan və digər qonşuları ilə normal münasibətlər qurmaqda görməsi həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın maraqlarına cavab verir. Ancaq təbii ki, xaricdən, konkret olaraq Rusiyadan hərbi müdaxilə dəstəkli addımların atılması və bunun nəticəsində revanşist qüvvələrin yenidən hakimiyyətə gəlməsi, onların keçmişdə olduğu kimi xarici güclərin geosiyasi maraqlarının icraçısına çevrilməsi region üçün ciddi təhlükələr yarada bilər. Belə bir siyasət yeni qarşıdurma və hətta müharibə riskini artıra bilər. Lakin Ermənistan 44 günlük müharibədən sonra Azərbaycanın hərbi-siyasi gücünü artıq çox yaxşı anlayır. Azərbaycan öz gücünü nümayiş etdirib və bu gün də Dəmir yumruq yerindədir”.

Siyasi şərhçi eləcə də bildirib ki, Ermənistan qarşısında seçim aydındır: ya keçmişin revanşist və xarici asılılıq üzərində qurulan siyasi modelinə qayıtmaq, ya da müstəqil dövlətçilik, regional əməkdaşlıq və iqtisadi inkişaf yolunu davam etdirmək. Onun fikrincə, Ermənistan xalqının uzunmüddətli maraqları məhz ikinci yolu tələb edir.

Röya İsrafilova