
“Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətdə yeni və perspektivli istiqamətin formalaşmasına gətirib çıxara bilər. Azərbaycanın beynəlxalq siyasəti qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, eləcə də beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Bu baxımdan Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafında maraqlıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
A.Badamovun fikirlərinə görə, Malayziya ilə münasibətlərin inkişaf etdirilməsi bu siyasətin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər: “Bu əməkdaşlığa yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Azərbaycanın bütövlükdə Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişləndirilməsi kontekstində yanaşmaq mümkündür. Azərbaycan və Malayziya bir sıra beynəlxalq və çoxtərəfli platformalarda təmsil olunur və qarşılıqlı maraq doğuran məsələlərdə bir-birinin mövqelərinə dəstək nümayiş etdirirlər. Xarici işlər naziri Ceyhun Bayramovun Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşündə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirə olunması da bu marağın göstəricisidir. Görüş zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə səylərin artırılması imkanlarının nəzərdən keçirilməsi münasibətlərin yalnız siyasi deyil, həm də praktiki və iqtisadi məzmununun gücləndirilməsinə xidmət edir”.
Deputat əlavə edib ki, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə hazırlıq məsələlərinin müzakirə edilməsi Azərbaycanın Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığa verdiyi önəmi göstərir: “Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyi də ölkəmizin beynəlxalq və regional diplomatiyada fəallığının artdığını nümayiş etdirir. Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərinin genişləndirilməsi ölkəmiz üçün bir sıra yeni imkanlar yarada bilər. İlk növbədə, bu əlaqələr yeni iqtisadi və ticarət tərəfdaşlarının formalaşmasına, investisiya imkanlarının artırılmasına və Azərbaycanın qeyri-neft sektorunun xarici bazarlara çıxışının genişləndirilməsinə şərait yarada bilər. Eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində mövqeyinin gücləndirilməsinə töhfə verə bilər. Turizm, təhsil, yüksək texnologiyalar və humanitar əlaqələr də əməkdaşlığın genişləndirilməsi üçün perspektivli sahələrdir”.
O eləcə diqqətə çatdırıb ki, Cənub-Şərqi Asiya ölkələri ilə siyasi dialoqun gücləndirilməsi Azərbaycanın beynəlxalq təşkilatlarda tərəfdaşlarının sayının artmasına və müxtəlif məsələlər üzrə qarşılıqlı dəstəyin möhkəmlənməsinə imkan verə bilər: “Dünyada dost və etibarlı tərəfdaşların sayının artması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, xarici siyasət imkanlarının genişlənməsinə və beynəlxalq məsələlərdə sözünün çəkisinin artmasına xidmət edir.
Bu baxımdan, Malayziya ilə münasibətlərin inkişafını Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində daha geniş diplomatik strategiyasının bir hissəsi kimi qiymətləndirmək olar. Əgər bu istiqamətdə siyasi dialoq iqtisadi, humanitar, təhsil və nəqliyyat əlaqələri ilə dəstəklənərsə, Cənub-Şərqi Asiya Azərbaycanın xarici siyasətində daha mühüm və uzunmüddətli istiqamətlərdən birinə çevrilə bilər. Bu isə Azərbaycanın yalnız yeni tərəfdaşlar qazanmasına deyil, həm də qlobal və regional proseslərdə daha fəal iştirak etməsinə imkan verə bilər”.
Röya İsrafilova