
“Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqda Azərbaycanın mövqeyi əvvəlki dövrlərlə müqayisədə daha da güclənib. Regionda Rusiya, ABŞ, Türkiyə, İran və Avropa İttifaqının maraqlarının kəsişməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biridir. Bu mənada yeni “Böyük Oyun”un ən diqqətçəkən nəticələrindən biri Azərbaycanın artıq rəqabətin kənarında dayanan ölkə deyil, regional proseslərin mühüm mərkəzlərindən birinə çevrilməsidir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O söyləyib ki, Azərbaycanın üstünlüyü ilk növbədə onun coğrafi mövqeyi ilə bağlıdır: “Ölkə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat xətlərinin kəsişməsində yerləşir. “Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutu Azərbaycanın strateji çəkisini artırır. Avropa İttifaqının Transxəzər nəqliyyat bağlantısının inkişafına xüsusi diqqət yetirməsi də Azərbaycanın bu xəritədəki rolunun təsdiqidir. Enerji amili də Bakının geosiyasi əhəmiyyətini daha da yüksəldir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxan Azərbaycan qazı ölkənin yalnız enerji ixracatçısı deyil, həm də Avropanın enerji diversifikasiyasında mühüm tərəfdaş olduğunu göstərir. Bu faktor Bakının Qərblə münasibətlərində ayrıca strateji çəki yaradır”.
T.İsmayılovun fikirlərinə görə, Türkiyə ilə müttəfiqlik münasibətləri isə Azərbaycanın regional imkanlarını daha da genişləndirir: “Bakı-Ankara xətti Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi və nəqliyyat əlaqələrinin ən mühüm dayaqlarından biridir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, xüsusilə Özbəkistan və Qazaxıstanla artan əməkdaşlığı da ölkənin Xəzərdən keçən bağlantılarda rolunu gücləndirir. Beləliklə, Azərbaycan yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının geoiqtisadi xəritəsində mühüm qovşağa çevrilir. ABŞ-nin regionda artan diqqəti və yeni nəqliyyat təşəbbüsləri də Azərbaycanın strateji çəkisini artıran digər amildir. Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların açılması perspektivi Bakının tranzit və iqtisadi imkanlarını daha da genişləndirə bilər. Bu proses Azərbaycanı Cənubi Qafqazın yeni təhlükəsizlik və bağlantı arxitekturasının əsas aktorlarından biri kimi önə çıxarır. Bu baxımdan “yeni Böyük Oyun”un nəticələrini yalnız ABŞ-Rusiya rəqabəti və ya Türkiyə-İran qarşıdurması prizmasından qiymətləndirmək doğru olmaz. Əslində, bu rəqabətin mərkəzində Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti getdikcə daha aydın görünür. Böyük güclərin regiona marağı artdıqca Azərbaycanın əhəmiyyəti də paralel şəkildə yüksəlir”.
“Ən mühüm məqam isə budur ki, Azərbaycan bu proseslərdə passiv müşahidəçi deyil. Bakı həm enerji, həm nəqliyyat, həm diplomatiya, həm də regional əməkdaşlıq istiqamətində formalaşan yeni sistemin mühüm iştirakçısıdır. Azərbaycanın həm Qərb, həm Rusiya, həm Türkiyə, həm İran, həm də Mərkəzi Asiya ilə münasibətlərinin mövcudluğu onun geosiyasi manevr imkanlarını və regional çəkisini artırır. Bu səbəbdən Cənubi Qafqazdakı yeni geosiyasi rəqabətin əsas nəticələrindən biri Azərbaycanın strateji əhəmiyyətinin daha da artmasıdır. Regionun gələcək nəqliyyat marşrutları, enerji bağlantıları və iqtisadi inteqrasiya prosesləri Azərbaycanın iştirakını nəzərə almadan təsəvvür edilmir. Azərbaycan artıq Cənubi Qafqazda geosiyasi rəqabətin obyektlərindən biri deyil, həmin rəqabətin nəticələrinə təsir edən əsas aktorlardan biridir” deyə o vurğulayıb.
Röya İsrafilova