“Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır” Siyasət

“Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan dövlətinə baş tutan işgüzar səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, Xəzər regionunda təhlükəsizliyin və regional nəqliyyat-enerji layihələrinin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

M.Cəfərov söyləyib ki, müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub: “İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il iyun ayında yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır. 2017-ci il avqustun 8-də Bakıda Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Bu sənəddə iki dövlətin gələcək birgə fəaliyyətinin demək olar ki, bütün istiqamətləri müəyyən edilib. Belə ki, burada siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Hər iki dövlət enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir”.

Deputatın sözlərinə görə, 2021-ci ilin yanvar ayında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirib: “Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlığa, dostluğa və ortaq dəyərlərə söykənərək, sürətlə inkişaf edir, daha da möhkəmlənir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər əlaqələrin daha da inkişafını şərtləndirir. Bu əlaqələr həm də qlobal aktuallıq kəsb edən məsələləri əhatə edərək hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlib. Cənab Prezident İlham Əliyevin reallaşdırdığı bu işgüzar səfər, ölkənin xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji inteqrasiyanın yeni və daha dinamik mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər çərçivəsində dövlət başçısı Türkmənistanda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-cı Məşvərət görüşündə iştirak edib və region üçün strateji əhəmiyyət kəsb edən mühüm sənədlərə də imza atıb”.

O əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verir: “Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirilməsi hər zaman diqqət mərkəzindədir. Təbii ki, bu sahədə görülən işlər regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək etməyə hədəflənib. Müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi ön plana çıxardır. Bu çərçivədə Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakçılar arasında bərabərhüquqlu və etimada əsaslanan siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsinin önəmi diqqətə çatdırılıb”.

Röya İsrafilova