7 Oktyabr 23:27
09:42
469
Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv ölkələrin hökumətləri mart ayında qəbul edilmiş Birgə Fəaliyyət çərçivəsində elan olunan fövqəladə neft ehtiyatlarının (400 mln. barel - red.) bazara çıxarılmasını mümkün qədər tez başa çatdırmaq məqsədilə sürətləndirilməsini dəstəkləyiblər.
"APA-Economics" xəbər verir ki, bunu IEA-nın icraçı direktoru Fatih Birol 7 oktyabr 2026-cı ildə IEA üzv ölkələrinin hökumətləri ilə keçirilən görüşlə bağlı bəyanatında bildirib.
Onun sözlərinə görə, IEA üzvləri həmçinin dizel bazarında mövcud sıxlıq fonunda mümkün olduğu qədər dizel ehtiyatlarının bazara çıxarılmasına üstünlük verilməsini dəstəkləyiblər.
Görüş iştirakçıları Hörmüz boğazında yaranmış böhranın enerji bazarlarına təsirlərinə qarşı IEA-nın gördüyü tədbirləri yüksək qiymətləndiriblər. Onlar mart ayında qəbul edilmiş Birgə Fəaliyyət çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə sadiq olduqlarını vurğulayıb, tədbirin icrasının gedişatının izlənilməsində və bazar təhlillərinin yenilənməsində IEA Katibliyinin rolunun vacibliyini qeyd ediblər.
Bundan başqa, iştirakçılar enerji təhlükəsizliyi və bazar sabitliyi ilə bağlı G7 liderlərinin son bəyanatını alqışlayıblar. Bəyanatda enerji ticarətinin sərbəst axınının vacibliyi də vurğulanıb.
Fatih Birolun sözlərinə görə, 2026-cı ilin martında qəbul edilmiş Birgə Fəaliyyət çərçivəsində indiyədək təxminən 325 mln. barel neft bazara çıxarılıb. Bəzi ölkələr ilkin öhdəliklərindən daha çox həcmdə neft ehtiyatı buraxıb.
O qeyd edib ki, mart ayında qəbul edilmiş Birgə Fəaliyyət çərçivəsində öhdəlik götürülmüş, lakin hələ bazara çıxarılmamış bütün ehtiyatların tam həcmdə buraxılması təxminən 100 mln. barel nefti bazara çıxara bilər.
Hazırda IEA-ya üzv ölkələrin dövlətə məxsus fövqəladə neft ehtiyatları təxminən 1,1 mlrd. barel təşkil edir. Bunun 200 mln. bareldən çoxu dizel ehtiyatlarıdır.
“IEA ehtiyac yarandığı halda bu ehtiyatların daha böyük hissəsini bazara çıxarmağa hazırdır”, - deyə Fatih Birol bildirib.
IEA Katibliyi mart ayında qəbul edilmiş Birgə Fəaliyyətin icrasını izləmək üçün üzv ölkələrin hökumətləri ilə əməkdaşlığı davam etdirəcək.