14:05
455
“Azərbaycan Dəmir Yollarında yükdaşımalarda son 9 ayda 29 faiz artım müsbət iqtisadi artımdır. Burada həm daşınan yük, həm də tranzit daşımaları artıb. Hər ikisini ayrılıqda analiz etsək: İlk növbədə daşınan yükün həcminin 11 faiz artması onu deməyə əsas verir ki, həm müxtəlif ölkələrlə ticari əməkdaşlığımız artıb, dolayı olaraq da ixrac potensialının artması ADY-nin gəlirliliyinə və ölkə iqtisadiyyatına müsbət təsir göstərib”.
Bunu xalqcebhesi.az-a iqtisadçı Günay Hüseynova deyib.
G.Hüseynova bildirib ki, ikinci bir məsələ tranzit daşımalarının artması ilə bağlıdır: “Statistik məlumatlara əsasən ötən il ilə müqayisədə daşımaların 15 faiz artaraq 5.7 milyona çatması onu deməyə əsas verir ki, ölkəmiz etibarlı ticari tərəfdaşdır. Sülh şəraiti və təhlükəsiz iqtisadi sabitlik tranzit daşımalarının həcminin artmasına şərait yaradıb. Bu, təkcə ölkəmizdə sabitlik deyil, eyni zamanda, digər ölkələrdəki müharibə şəraiti və gərgin vəziyyət ilə əlaqədardır”.
İqtisadçının sözlərinə görə, ADY-də yükdaşımaların, xüsusilə də tranzit daşımaların artması Azərbaycanın logistika və nəqliyyat gəlirlərinin yüksəlməsi baxımından müsbət göstəricidir: “Burada əsas məqam təkcə daşınan yükün həcminin artması deyil, Azərbaycanın beynəlxalq tranzit marşrutlarında daha aktiv rol almasıdır. Bununla yanaşı, bu artımın iqtisadi effekti yalnız ADY-nin gəlirləri ilə məhdudlaşmır. Yüklərin Azərbaycandan keçməsi logistika mərkəzləri, terminallar, anbar, gömrük, ekspeditor və digər nəqliyyat xidmətlərinə də tələbi artırır. Nəticədə nəqliyyat və logistika sektorunda əlavə iqtisadi aktivlik formalaşır”.
Röya İsrafilova