“Prezidentin Türkmənistana səfəri növbəti bir səhifə açır” Siyasət

“Prezidentin Türkmənistana səfəri növbəti bir səhifə açır”

“Hazırkı dönəmdə Azərbaycan və Türkmənistan arasında çox dinamik əlaqələr mövcuddur. Bu əlaqələr dövlət başçılarının səfərləri ilə, qarşılıqlı görüşlərlə, sənədlərin imzalanması ilə yeni bir mərhələyə keçir və bu dinamika artır”.

Bu sözləri xalqcebhesi.az-a “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O vurğulayıb ki, biz Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, mədəni və bütün sahələr üzrə əlaqələrin artdığının, inkişaf etdiyinin şahidi oluruq: “Azərbaycan Türkmənistanla istər Mərkəz Asiya ölkələri arasında əməkdaşlıq çərçivəsində, istər Türk Dövlətləri Təşkilatı, həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Eyni zamanda, ikitərəfli, çoxtərəfli əməkdaşlıq mövcuddur”.

“Azərbaycan Prezidentinin Türkmənistana bu səfəri iki ölkə arasında növbəti bir səhifə açır. Bu səfər və bundan sonrakı atılacaq addımlar iki ölkənin münasibətlərini daha da yüksək səviyyəyə daşımış olacaq” deyə M.Göyüşlü qeyd edib.

Röya İsrafilova