“Azərbaycanın Mərkəzi Asiya siyasətində Türkmənistanın xüsusi çəkisi var” Gündəm

“Azərbaycanın Mərkəzi Asiya siyasətində Türkmənistanın xüsusi çəkisi var”

“Azərbaycan–Türkmənistan münasibətləri son illərdə təkcə ikitərəfli əlaqələrin genişlənməsi ilə deyil, Xəzər hövzəsində və Mərkəzi Asiyada yeni geosiyasi reallıqların formalaşması baxımından da xüsusi əhəmiyyət qazanıb. Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika imkanları və humanitar əlaqələr bir-birini tamamlayan vahid xətt üzrə inkişaf edir. Bu baxımdan Prezident İlham Əliyevin 8-9 oktyabr 2026-cı ildə Türkmənistana səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin mövcud dinamikasının növbəti mərhələyə keçirilməsi baxımından diqqət çəkir. Azərbaycanın Mərkəzi Asiya siyasətində Türkmənistanın xüsusi çəkisi var. Bunun səbəbi yalnız iki ölkənin Xəzər dənizi ilə ayrılan coğrafi yaxınlığı deyil. Azərbaycan və Türkmənistanı ortaq türk-mədəni irs, dil və tarixi yaddaşla yanaşı, Xəzərin yaratdığı iqtisadi və nəqliyyat imkanları da birləşdirir. Son illərdə münasibətlərdə əldə olunan nəticələr göstərir ki, bu ortaq zəmin artıq sadəcə tarixi-mədəni yaxınlıq səviyyəsində qalmır, konkret siyasi və iqtisadi layihələrə çevrilir”.

Bu fikirləri xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, 2017-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə bu baxımdan mühüm siyasi çərçivə formalaşdırıb: “Ardınca yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, yeni sənədlərin imzalanması və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsi münasibətlərin institusional əsaslarını möhkəmləndirib. Bu gün iki ölkə arasında 108 sənədin imzalanması əlaqələrin ayrı-ayrı sahələrdən çıxaraq geniş əməkdaşlıq sisteminə çevrildiyini göstərən ciddi göstəricidir. Azərbaycan–Türkmənistan münasibətlərinin ən mühüm istiqamətlərindən biri Xəzərin iqtisadi potensialından istifadədir. “Dostluq” yatağının birgə işlənməsi haqqında 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu iki ölkənin enerji sahəsində yeni əməkdaşlıq modelini ortaya qoydu. Burada əsas məsələ yalnız enerji ehtiyatlarının istismarı deyil. Daha geniş yanaşdıqda, söhbət Xəzərin iki sahilində yerləşən dövlətlərin iqtisadi maraqlarını birləşdirən və regional enerji təhlükəsizliyinə töhfə verən əməkdaşlıq platformasından gedir”.

O bildirib ki, Azərbaycanın Türkmənistan enerji resurslarının dünya bazarlarına çıxışında malik olduğu tranzit imkanları da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır: “Bakı–Tbilisi–Ceyhan kimi formalaşmış infrastruktur, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri və Xəzər üzərindən daşımaların genişlənməsi Türkmənistan üçün Azərbaycanın rolunu artırır. Bu, klassik mənada yalnız tranzit məsələsi deyil; Azərbaycan burada Türkmənistanın qlobal iqtisadi bağlantılarının genişlənməsinə imkan verən mühüm coğrafi halqadır. Rəqəmlər də bu dinamikanı təsdiqləyir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcminin 2 milyon 344 min tona çatması, 2026-cı ilin yanvar-avqust aylarında isə 2 milyon 29 min ton təşkil etməklə əvvəlki dövrlə müqayisədə 38 faiz artması nəqliyyat əməkdaşlığının real potensialını nümayiş etdirir. Ticarət dövriyyəsinin mövcud səviyyəsi isə qarşıdakı mərhələdə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün kifayət qədər imkanların qaldığını göstərir. Yəni siyasi münasibətlər iqtisadi göstəricilərin önündə gedir və əsas vəzifələrdən biri bu siyasi etimadı daha böyük iqtisadi nəticələrə çevirməkdir”.

Politoloq əlavə edib ki, burada Azərbaycanın Mərkəzi Asiya ilə bağlı siyasətinin daha geniş məntiqini də görmək mümkündür: “Bakı son illərdə region ölkələri ilə münasibətləri ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsində deyil, nəqliyyat, enerji, ticarət və siyasi dialoqu birləşdirən daha böyük regional xətt kimi qurur. Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli formatının yaranması və Xəzərin iki sahilində əməkdaşlığın güclənməsi də bunun göstəricisidir. Belə formatlar Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında daha mühüm mövqeyə çıxarır. Türkmənistanın daimi bitərəflik siyasəti bu münasibətlərə ayrıca siyasi çalar verir. Aşqabadın xarici siyasətinin əsas prinsiplərindən biri olan bitərəflik ölkənin beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe tutmasını şərtləndirir. Azərbaycan isə Türkmənistanın bu siyasi xüsusiyyətini nəzərə alaraq münasibətləri qarşılıqlı hörmət və suveren seçimlərə hörmət prinsipləri əsasında inkişaf etdirir. Məhz bu yanaşma iki ölkə arasında siyasi etimadın möhkəmlənməsinə imkan verən əsas amillərdən biridir”.

Röya İsrafilova