11:10
399
Azərbaycan Dəmir Yollarında yükdaşımalar son 9 ayda 29 faiz artıb.
Bu artımın Azərbaycanın logistika və nəqliyyat gəlirlərinin yüksəlməsinə təsiri haqqında xalqcebhesi.az-a məlumat verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu artım gözlənilən idi: “Biz bilirik ki, həm Şimal-Cənub, həm Şərq-Qərb istiqamətində Azərbaycan müstəsna rol oynayır. Rusiya-Ukrayna müharibəsi, İsrail-ABŞ-İran müharibəsi bizim həm şimalımızda, həm cənubumuzda yanar ocaqlar yaradıb və yükdaşımaların məcburən Azərbaycandan keçməsi artıq prioritet olub. Buna görə də istər tranzit daşımaları, istərsə də ölkəyə gətirilən malların həcmi artır və durmadan da artacaq. Yəni bu, gözləniləndir”.
Y.Mustafayevin sözlərinə görə, Orta Dəhliz tam işə düşdükdən sonra bu həcmin bir neçə dəfə artacağı gözlənilir: “Bu marşrut həm qısadır, həm vaxt etibarı ilə daha sərfəlidir. Qeyd etmək lazımdır ki, Orta Dəhlizin işə düşməsi ilə nəinki Azərbaycan, eləcə də bu marşrutda yerləşən ölkələr, eyni zamanda, bu marşrut üzrə məhsulları daşınan ölkələr də bu işdə qazanclı çıxacaqlar, onlar üçün də çox faydalı olacaq”.
Röya İsrafilova