Geyim mədəniyyətimizin incisi – Kəlağayının simvolikası və tarixi kökləri Mədəniyyət

Geyim mədəniyyətimizin incisi – Kəlağayının simvolikası və tarixi kökləri

Kəlağayı Azərbaycan xalqının ənənəvi geyim mədəniyyətində xüsusi yer tutub. Təbii ipəkdən hazırlanan, rəngləri və naxışları ilə seçilən bu qadın baş örtüyü əsrlər boyu gündəlik həyatda və mərasimlərdə istifadə olunmaqla yanaşı, müxtəlif sosial və mədəni mənalar daşıyıb.

Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov AZƏRTAC-a açıqlamasında ənənəvi Azərbaycan qadın baş örtüklərinin tarixi və kəlağayının simvolikası barədə danışıb.

Onun sözlərinə görə, ənənəvi Azərbaycan cəmiyyətində kəlağayı, araqçın, ləçək, şal və örpək kimi baş örtükləri yalnız geyim elementi deyil, həm də sosial, mədəni, estetik və simvolik məna daşıyıb. Onların rəngi və istifadə qaydası qadının yaşı, ailə vəziyyəti, sosial statusu və mərasimlərlə əlaqələndirilib.

Tarixçi qeyd edib ki, ənənəvi geyim mədəniyyətində rənglərin də öz yeri olub. Gənc qadınlar daha çox ağ, qırmızı və çəhrayı, yaşlı qadınlar isə qara və tünd göy rəngli kəlağayılardan istifadə ediblər. Toy mərasimlərində gəlinin başını örtmək üçün qırmızı kəlağayıdan yararlanılıb.

Kəlağayının maraqlı xüsusiyyətlərindən biri də onun gündəlik həyatda müəyyən hadisə və münasibətlərin rəmzi kimi istifadə olunmasıdır. Ənənəvi olaraq, evin darvazasından kəlağayı asılması qarşıdan gələn toy mərasiminin xəbərçisi sayılırdı. İpək yaylıq xoş xəbər münasibətilə və ya görülən yaxşı işə görə hədiyyə kimi də təqdim olunurdu. Beləliklə, kəlağayı yalnız geyim elementi deyil, həm də insanlar arasında münasibətləri və sosial ənənələri ifadə edən mədəni simvol idi.

M.Qəribovun sözlərinə görə, kəlağayı bəzi ənənələrdə sülh rəmzi kimi də istifadə olunub. Münaqişə və ya dava zamanı tərəflərin arasına baş örtüyünün atılması qan davasının qarşısını almaq məqsədi daşıyıb. Etnoqrafik materiallarda qadınların bir neçə qat baş örtüyündən istifadə etməsi barədə də məlumatlar var. Məsələn, xanlıqlar dövründə əvvəlcə cuna və ya kətan, onun üzərindən kəlağayı, daha sonra isə ləçək taxılırdı.

Tarixçi kəlağayı ənənəsinin inkişafını Azərbaycanda ipəkçiliyin yayılması ilə əlaqələndirib. Şəki, Basqal, Şamaxı və Gəncə bu sənətin tanınmış mərkəzləri sırasında yer alıb. Kəlağayılar təbii ipəkdən hazırlanır, basmanaxış üsulu ilə bəzədilirdi. Onların naxışlarında buta, həndəsi və nəbati motivlərdən istifadə olunurdu.

2014-cü ildə kəlağayının hazırlanması və geyinilməsi ənənəsi, eləcə də onun simvolikası UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilib.

Onun fikrincə, ənənəvi baş örtükləri yerli adətlər, sosial münasibətlər və estetik təsəvvürlərlə bağlı olub.

M.Qəribov qadınların cəmiyyətdəki rolunun dəyişməsində dünyəvi təhsilin əhəmiyyətinə də toxunub. O bildirib ki, XIX əsrin ikinci yarısından etibarən maarifçilik hərəkatı çərçivəsində qız məktəblərinin açılması bu sahədə dəyişikliklərə yol açıb. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə 1901-ci ildə Bakıda müsəlman qızlar üçün məktəbin açılması həmin prosesin mühüm mərhələlərindən biri olub. Sonrakı dövrlərdə qadınların təhsil və peşə imkanlarının genişlənməsi onların ictimai həyatda daha fəal iştirakına şərait yaradıb.

Tarixçi məktəblərdə vahid geyim formasının tətbiqini təhsil və tərbiyə mühitinin qorunması baxımından vacib hesab edir. Onun fikrincə, məktəbli geyimi şagirdlər arasında bərabərlik prinsipini möhkəmləndirir, diqqətin tədris prosesinə yönəldilməsinə xidmət edir. M.Qəribov bu məsələdə valideynlərin də məsuliyyət daşıdığını vurğulayıb.

O, məktəbdən kənarda geyim seçiminin şəxsi azadlıq məsələsi olduğunu qeyd edərək bildirib: “Məktəbdən kənar mühitdə hər kəs istədiyi geyim formasını seçmək hüququna malikdir. Bu, şəxsi azadlığın təzahürüdür”.

Tarixçinin fikrincə, məktəblərdə təhsilin elmi əsaslarla təşkili və şagirdlərin biliklərə yiyələnməsinə üstünlük verilməsi cəmiyyətin intellektual və sosial inkişafı üçün əhəmiyyətlidir.