“Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb” Gündəm

“Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb”

“Azərbaycan müstəqil dövlət olaraq öz xarici iqtisadi siyasətini reallaşdırır və təbii ki, bu zaman həm qonşularla, həm də iqtisadi əlaqələrdə olduğumuz dövlətlərlə olan müqavilə və beynəlxalq öhdəlikləri nəzər almaqla da fəaliyyət həyata keçirir”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.

Deputat əlavə edib ki, Azərbaycan uzun müddətdir ki, həm neft, həm mavi qaz ixrac edir: “Bir tərəfdən Azərbaycan bölgənin enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə bu, Azərbaycanın xüsusən enerji ixracı imkanlarının genişlənməsinə gətirib çıxarır. Azərbaycanın neft ixracatının ən böyük tərəfdaşı İtaliyadır. Eyni zamanda, Azərbaycan nefti Çexiya, Rumıniya və bir sıra digər ölkələrə ixrac edilir. Azərbaycan 10 ölkəyə öz neftini, 16 ölkəyə isə təbii qazını ixrac edir. Eyni zamanda, ixrac edilən neftdən də istifadə edən ölkələrin sayı kifayət qədər çoxdur. Belə ki, 2025-ci ildə Azərbaycan nefti 22 ölkədə istifadə olunub və 2025-ci ildə 14 ölkəyə qaz ixrac edilib. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb. Ona görə Azərbaycan həm İsrail, həm digər ölkələrlə müstəqil şəkildə qarşılıqlı fayda əsasında siyasətini, öz iqtisadi əlaqələrini qurur. Bu zaman hər hansısa bir kənar müdaxilələr və ya yersiz açıqlamalar qəbul edilən deyil, yolverilməzdir”.

Röya İsrafilova