Kreml Bakıya minnətçi düşüb Siyasət

Kreml Bakıya minnətçi düşüb

Rusiya öz xarici siyasətinin iki "ağır artilleriya"sını Azərbaycana göndərir

Cavid

Yerli mediada günün aktual mövzusu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 17-18-də Bakıya gözlənilən səfəridir. Xatırladaq ki, rusiyalı diplomat ikigünlük səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Onu da vurğulayaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başa çatandan sonra RF baş nazirinin müavini Dmitri Roqozinin də ölkəmizə səfəri gözlənilir.
Maraqlıdır ki, Dmitri Roqozin qatı anti-Qərb mövqeyində dayanan və NATO-yə qarşı sərt xəttin əsas ideoloqu kimi tanınır.
Maraqlıdır ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında diplomatik təmaslar intensivləşib. Amma bu intensivliyin fonunda Qərbin də Azərbaycana marağı artıb. Bunu Qərb diplomatlarının Azərbaycan səfəri və hakimiyyətə yönəltdiyi mesajlar da sübut edir. Hər iki qütbün Cənubi Qafqazı, xüsusilə Azərbaycanı sanki geosiyasi mübarizə meydanına çevirdiyi hiss olunur.
Ekspertlərə görə, mümkündür ki, Moskva Azərbaycana amerikalı həmsədrin təkliflərindən daha cəlbedici şərtlər təklif etsin?
İyun ayının Azərbaycanın köklü maraqları, o sırada Dağlıq Qarabağın həll perspektivi baxımından kifayət qədər dinamik keçəcəyi gözlənilir. Ən azı ona görə ki, bu ayın sonlarında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün rəsmiləşməsi ilə yanaşı, rəsmi Bakının da yeni quruma qoşulmaqla bağlı Moskvanın təklifinə bitkin cavab verməsi gözlənilir.
Hər iki məsələnin birbaşa və ya dolayısıyla Qarabağ probleminə dəxli var. Rusiya xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının sədri Dmitri Roqozinin Bakıya səfərləri də məhz bu aya planlaşdırılır. Bəllidir ki, Roqozin həm də silah satışı məsələlərini kurasiya edir.
Bəs, qarşıdakı səfərlərdən real gözləntilər nə ola bilər? Ekspertlər bu yöndə nə düşünürlər?
Rusiyalı qonaqların Bakı səfərinin əsas xəttində hansı məsələnin dayandığını şərh edən "Xəzər" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadənin qənaətincə, Azərbaycana səfər edəcək Rusiyanın "ağır artilleriyası" sayılan Lavrov və Roqozin təzyiq diplomatiyasını təmsil edir.
Bu aralar qonaq-qaralı olmağımızın təəccüblü olmadığını düşünən politoloq hesab edir ki, hazırda Ukrayna böhranından irəli gələrək Qərb ilə Rusiya arasında münasibətlər korlanıb. Bu münasibətlərin nə zaman normallaşacağı isə hələlik məlum deyil. Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin də hələ gündəmdən düşmədiyini söyləyən V.Quluzadə bildirib ki, baş verənlərdən irəli gələrək Rusiya ciddi təşviş keçirir: "Rusiya hazırda NATO cəbhəsinə nə cür cavab vermək barədə düşünür. Rusiya keçmiş SSRİ ölkələrini ətrafına toplayaraq onları Qərbə qarşı ittifaq kimi təqdim etməyə çalışır. Amma Rusiyanın ittifaq yaratmaq imkanı yoxdur. Bunun bir neçə səbəbi var. Birinci səbəb Rusiyanın yürütdüyü imperialist siyasətdir. Digər tərəfdən, Rusiyanın çökmüş iqtisadiyyatı onu digər ölkələr üçün cəlbedici etmir. Lakin keçmiş sovet ölkələri Rusiyadan çəkinir. Bunun da səbəbi Rusiyanın apardığı aqressiv siyasətdir. Rusiya 2008-ci ildə Gürcüstana qarşı işğal siyasəti həyata keçirdi. Azərbaycan və Moldovada da Rusiya oxşar problemlər yaradıb. Bütün bu addımlar göz önündədir və yaxşı məlumdur ki, Rusiya bundan da aqressiv siyasət yürüdə bilər. Ona görə keçmiş SSRİ ölkələri müstəqilliklərini əldən verməmək şərti ilə Rusiya ilə müəyyən əməkdaşlığa gedirlər. Lakin Rusiyanın yaratdığı Gömrük İttifaqı, Avrasiya İttifaqı müstəqilliyə toxunan məsələdir".
Azərbaycan Cənubi Qafqazda önəmli ölkə olduğuna görə Rusiya və Qərbin mübarizə meydanına çevrildiyini deyən V.Quluzadə bildirib ki, rus diplomatlarının Azərbaycana səfəri bu baxımdan təsadüfi deyil: "Azərbaycana səfər edəcək Rusiyanın "ağır artilleriyası" Lavrov və Roqozin təzyiq diplomatiyasını təmsil edir. Onlar birbaşa Putinin siyasətini həyata keçirən şəxslərdir. Ona görə əminliklə demək olar ki, Avropa Birliyi ilə Rusiya Azərbaycan uğrunda savaşa girişib. Amma Rusiyadan fərqli olaraq Avropa Birliyi Azərbaycan üçün tam cazibədardır. Amma təəssüf ki, Azərbaycan hazırda nə NATO, nə də Avropa standartlarına cavab verir. Lakin 50-ci illərdəki Türkiyəni xatırlayın. Osmanlı imperiyasının qalıqları üzərində qurulan bir dövlət NATO-ya üzv qəbul olundu. Ona görə düşünürəm ki, Qərb Azərbaycanın çatışmazlıqlarına baxmayaraq ölkəmizi NATO və Avropa Birliyinə cəlb etməlidir. Hazırda balans siyasəti ciddi təhlükə altındadır. Azərbaycan hakimiyyətinin arzusu Avropadan və Rusiyadan məsafə saxlamaqdır. Bu günə qədər bu siyasət işləyib. Amma görək Lavrovla, Roqozin hansı mesajları verəcəklər. Onlar bizimlə sərt dildə danışa bilərlər. Onlar bizə açıq mətnlə deyə bilərlər ki, siz heç bir tərəfə inteqrasiya edə bilməzsiz, sizin yeganə yolunuz Rusiyadır".
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bildirib ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfəri çox güman ki, rəsmi Bakıya təzyiq və aparılan qərbyönlü kursun mənfi nəticələri barədə xəbərdarlıq məqsədi daşıyır. Bu cür ehtimallara Roqozinin imici və hərbi-sənaye məsələləri ilə məşğul olması əsas verir.
Roqozin sərt siyasətçidir, öz kəskin bəyanatları ilə tanınır, Rusiyanın hərbi-siyasi baxımdan möhkəmlənməsinə və hökmranlığının bərpasına tərəfdardır.
Ə.Oruclunun fikrincə, son vaxtlar insan hüquqları problemləri ilə bağlı Qərbin tənqidlərinə baxmayaraq, Bakı Vaşinqton və Brüssellə yaxınlaşmaq üzrə ardıcıl kurs aparır. Türkiyə ilə qaz sazişlərinin bağlanması əslində belə siyasətin tərkib hissəsidir, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və Rusiyadan asılılığını qaldırmağa yönəlib.
Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Artıq buna qədər də XİN rəhbəri Sergey Lavrov və Dövlət Dumasının spikeri Sergey Narışkin Azərbaycanda olublar: "Lakin görünür, onların missiyası uğursuz olub və Roqozini göndərmək qərarına gəliblər. O da özünə xas tərzdə Moskvanın fikrini Bakıya çatdıracaq".
Lakin Azərbaycan qayıdış nöqtəsini keçib və Bakını qərbyönlü kursdan döndərmək mümkün olmayacaq. "Hətta beş Roqozin göndərilsə belə, bu, heç nəyi dəyişməyəcək", - Ə.Oruclu vurğulayıb.
Onu da vurğulayaq ki, Ukrayna hadisələri göstərdi ki, Rusiyanın dünyada heç bir ciddi müttəfiqi yoxdur. O hətta uzun illər Qərblə qarşı cəbhədə olan sosialist dünyasının nəhəngi sayılan Çini də itirib. Bunun səbəblərinin xırdalıqlarına varmadan onu deyə bilərik ki, Rusiya Çin üçün də maraqlı olan bölgələrdə rəsmi Pekinin dəstəyini ala bilmədisə, deməli, Cənubi Qafqaz məsələsində bu o qədər də mümkün olmayacaq.
Üstəlik, Qərb Azərbaycan məsləsində daha həssas görünür. Fransa və İsveçrə prezidentləri Bakıya səfər etdilər və Rusiyaya mesaj idi. Rusiya bu diqqətdən narahatlıq keçirir və görünən odur ki, Kreml Qərbi üstələmək, bu mümkün olmasa da, neytrallaşdırmaq istəyir. Bakıya birdən-birə belə yüksək vəzifəli şəxslərin səfərinin təşkil olunması da sırf bununla bağlıdır. Üstəlik, bu ərəfədə Avropa Komissiyasının prezdenti Joze Manuel Barrozo da Azərbaycana səfər edəcək.
Rusiya özü üçün aydınlaşdırıb ki, o, növbəti dəfə hərbi yolla hansısa məsələni həll edə bilməz. Ona görə də işi iqtisadi platformaya keçirmək istəyir. Amma bunun da mümkünsüzlüyü ortadadır. Uzun perspektivdə Rusiyanın hansısa ittifaq qurub, onu irəli apara biləcəyi hər kəsdə suallar yaradıb. O zaman Kremldən Bakıya olan axının həqiqi səbəbləri nə ola bilər?
Görünür, Kreml də hiss edir ki, vəziyyət çox kritikdir. Və indiki şəraitdə hər şey blef taktikasına hesablanıb. Amma bu nə vaxta kimi işə yarayacaq? Bunu da demək çətindir.
Politoloq Zəfər Quliyev indiki mərhələdə Rusiyanın Azərbaycana təzyiqlərini davam etdirəcəyini deyib: "Ancaq yüksək çinli Kreml emissarlarının budəfəki səfəri açıq təzyiq xarakteri daşımaya da bilər. Moskva çalışacaq ki, nəyinsə Azərbaycan onun şərtlərini könüllü şəkildə qəbul edib Avrasiya İttifaqına qoşulsun, Moskva ilə əməkdaşlığı gücləndirsin, Qərbə inteqrasiyadan imtina etsin.
Politoloqa görə, Lavrovun səfərin ən əvvəl Qarabağ probleminin Bakının maraqları çərçivəsində həlli perspektivləri ilə bağlı olacaq: "Mümkündür ki, Azərbaycana amerikalı həmsədr Ceyms Uorlikin təkliflərindən daha cəlbedici şərtlər təklif edilsin. Yaxud Uorlikin təklifləri Moskvanın anlamında təqdim olunsun. Hazırkı mərhələdə Kreml Bakının "saqqızını oğurlamağa", Qarabağ nizamlanmasına hazır olduğunu nümayiş etdirməyə və hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu göstərməyə səy edir. Bununla belə, Bakıda başa düşürlər ki, bu "kökələrin" arxasında daima sərt qamçı görünür. Təzyiqlər bu gün meydana çıxmayıb. Hələ Ukrayna hadisələri başlananadək Moskva postsovet ölkələrinə, ələlxüsus da geostrateji inkişaf vektorlarını dəyişmək istəyən GUAM-a üzv dövlətlərə bərabər səviyyəli təzyiqlər edirdi. Bu mərhələdə isə təzyiqlər hiss edilən predmet xarakteri daşıyır. Bu isə onu sübut edir ki, balanslı siyasət aparıb Moskva və Vaşinqtondan eyni qədər məsafə saxlamaq Bakıya çətinləşir".
Rusiyalı politoloq, "Siyasi ekspert qrupu"nun rəhbəri Konstantin Kalaçyov isə Azərbaycanın yeni quruma mümkün üzvlüyündən danışarkən deyib ki, Bakı AİB-ə yalnız Qarabağ məsələsində irəliləyiş olacağı təqdirdə qoşula bilər:
"Rusiya problemin həllinə dəstək olacaq, amma dinc həllə nail olmaq olduqca çətindir, hazırkı nəsillər üçün bəlkə də mümkünsüzdür".