“İqtisadiyyatımızda canlanma mövcuddur” Siyasət

“İqtisadiyyatımızda canlanma mövcuddur”

Pərviz Heydərov: "Milli valyutamızı "əldə möhkəm" saxlamağa imkan yaradan bu faktordur"

"Azərbaycanda devalvasiya gözlənilmir". Bunu dünən Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr olunmuş konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib. "Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbatlarını qarşılamamaq imkanları yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib. Bu sadəcə psixoloji amildir. Bu onu deməyə əsas verir ki, Azərbaycanda devalvasiya gözlənilmir", - deyə İ.Alışov vurğulayıb.
İqtisadçı ekspert Pərviz Heydərov isə "Xalq Cəbhəsi"nə bildirib ki, manat idarə olunur. Hərçənd, 2015-ci ildə 2 dəfə devalvasiyadan sonra sərbəst üzən məzənnə rejiminə keçildiyi bəyan edildi və 2016-cı ildə də 15 %-dək ucuzlaşma baş verdi, amma bizdə valyuta bazarı inzibati yolla tənzimlənir: "Bunu keçən il, yəni 2017-ci il ərzində manatın ABŞ dollarına nəzərən təqribən, 4 %-dək bahalaşması tendensiyası da sübut etdi. Belə ki, manat əslində, bundan da artıq bahalaşmaya meyilli idi. Lakin AMB kursu 1,70 manatdan aşağıya doğru düşməyə imkan vermədi. Ümumiyyətlə, ölkəyə dollar gətirən xam neft ixracıdır, Türkiyəyə və Rusiyaya pomidor-xiyar, tərəvəz ixracı və sair deyil... Yəni, milli valyutamızı "əldə möhkəm" saxlamağa imkan yaradan bu faktordur. O ki qaldı bəzi banklarda ABŞ valyutasının alışının bir qədər bahalaşmasına və satışının da məhdudlaşmasına, bu, heç bir ciddi amillərə söykənə bilməz. Ölkədə fəaliyyət göstərən bütün bankların xarici valyutaya tələbatları ödənilir".
Pərviz Heydərov əlavə edib ki, Rusiya və Türkiyə ilə ortada nə qədər geniş xarakterli mal mübadiləsi də olsa da, milli valyutalarımızın qarşılıqlı məzənnəsinin son anda yenə ABŞ dollarına əsasən müəyyənlik tapdığı ciddi araşdırma tələb etmir: "Bəllidir ki, manatın dəyəri keçən ildən sabitləşdi. Hansı ki, ilin əvvəlində manat dollara nəzərən hətta 1,92 AZN-dək ucuzlaşmışdı. Lakin sonradan il ərzində tədricən sabitləşmə başlandı və 2017-ci ilin tam sonunadək manat 4 %-dək möhkəmləndi. Bu, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin yaxşılaşmağa başlanması prosesi nəticəsində əldə olundu".
İqtisadçı-ekspert vurğulayıb ki, 2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib: "Belə ki, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb, qeyri-neft ixracı 37% artım nümayiş etdirib. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. 2018-ci ilin qalan dövründə də tədiyyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Düzdür, ilin əvvəlindən bəri, ölkəmizdə dollara tələbat artıb. Ötən 3 ay ərzində 1,310 milyard dollar satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65%-dən çoxdur. Söhbət, Neft Fondunun hərraclarda satdığı puldan gedir. Hesab edirəm, bu da iqtisadi aktivliyin bərpası ilə əlaqədardır. Yəni, hazırda iqtisadiyyatımızda vəziyyət keçən ilin bu vaxtı ilə müqayisədə fərqlidir, bir az canlanma mövcuddur. Ona görə də dollara tələb yüksəlib. Yəni, milli valyutamızı "əldə möhkəm" saxlamağa imkan yaradan bu faktordur".