Cəmil Çiçəkdən Türkmənistan və Özbəkistana çağırış Siyasət

Cəmil Çiçəkdən Türkmənistan və Özbəkistana çağırış

"Digər türkdilli qardaş ölkələri də aramızda görmək bizim arzumuzdur"

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TÜrkmənistan və Özbəkistanı təcili Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv olmağa çağırıb.
APA-nın məlumatına görə, C. Çiçək bunu TürkPA-nın Bakıda keçirilən 5-ci plenar iclasında bildirib.
O qeyd edib ki, TürkPA türkdilli ölkələrin beynəlxalq arenada sözünü deyən yeganə ortaq təşkilatıdır: "Digər türkdilli qardaş ölkələri də aramızda görmək bizim arzumuzdur və bu bizi məqsədlərimizə daha tez çatdırar".
C. Çiçək eyni zamanda TürkPA-da Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyə qəbul olunması ilə bağlı yaranan fikir ayrılığından təəssüfləndiyini bildirib: "Şimali Kipr Türk Cümhuriyyətinin də qardaş ölkə olaraq aramızda görmək arzusundayıq. Amma TürkPA-da bununla bağlı fikri ayrılığının olması, buna qarşı çıxılması bizi üzür".
Cəmil Çiçək onu da deyib ki, Azərbaycanın torpaqlarının işğalı Türkiyənin gündəmindəki ən önəmli məsələlərdəndir. O bildirib ki, Qafqazda daimi sülhün təmin edilməsi işğala son qoyulması və 1 milyondan çox insanın evlərinə dönüşü ilə mümkün ola bilər: "TürkPA olaraq da Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün Ermənistanın işğalına qarşı sərt mövqe tutmalıyıq. Hamı bilməlidir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Birmənalı belə olacaq. Türkiyə olaraq Azərbaycanın işğal altındakı torpaqlarının dərhal azad olunmasını bütün beynəlxalq platformalarda gündəmə gətiririk. Bundan sonra da torpaqlar bir an öncə işğaldan azad olunana qədər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim gündəmimizin əsas mövzusu olacaq".