“Sarkisyanın xarici himayədarları vəziyyəti dəyərləndirməyə macal tapmadılar” Siyasət

“Sarkisyanın xarici himayədarları vəziyyəti dəyərləndirməyə macal tapmadılar”

"Sonunda Ermənistan xalqı dərk etməlidir ki, onların firavan və müharibəsiz ölkədə yaşamaq haqqları var. 30 ildir müharibə şəraitində hər an ölmək qorxusu ilə yaşayan erməni xalqı müharibə simvolu olan Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdı. Bundan sonra gözləntilərimiz sağlam və ayıq başla düşünən bir hakimiyyətin gəlməsini arzulamaqdır". Bunu politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, hadisələr ildırım sürəti ilə baş verdiyinə görə Sarkisyanın xarici himayədarları vəziyyəti dəyərləndirməyə macal tapmadılar: "Yoxsa Putin Sarkisyanı belə asanlıqla təhvil verməzdi. Ermənistan bütün sərhəddi boyunca türklərlə yaşamaq zorundadır. Bu reallıqdan qaçmaq mümkün deyil. İndiki şəraitdə yalnız İran Ermənistan üçün açıq qapıdır. Təcavüzkar siyasət davam edərsə bir gün İranın da üz döndərəcəyini görə bilərik. Ən azından İranda 40 milyon türk yaşayır və hakimiyyətin bir gün onların əlinə keçəcəyi istisna deyildir. Ona görə də Ermənistanın yeni formalaşacaq rəhbərliyi ilk növbədə sülh tərəfdarı olmalıdır. İlk növbədə Türkiyə və Azərbaycana irəli sürdüyü ərazi iddialarından əl çəkməlidir. "Erməni soyqırımı" iddialarını tarixin arxivinə buraxmalıdırlar. Bundan sonra həm Türkiyə, həm də Azərbaycan Ermənistanın inkişafı üçün sərmayələr qoya bilərlər".