Mətbuat Şurasında Zakir Fəxrinin 70 illik yubileyi münasibətilə tədbir Siyasət

Mətbuat Şurasında Zakir Fəxrinin 70 illik yubileyi münasibətilə tədbir

Mətbuat Şurasında tanınmış şair-publisist,"Xəzər" jurnalı baş redaktorunun müavini Zakir Fəxrinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov yubilyarı təbrik edib onun yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Zakir Fəxri Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdəndir. Onun 70 illik yubileyi münasibətilə işıq üzü görən "Şeirlər" ("Poems") kitabından danışan Şura sədri qeyd edib ki, kitaba müəllifin ingilis və Azərbaycan dilində "Qarabağsız", "Bir ömrün tarixi", "Qalmaz belə, qalmaz dünya", "Yaza və yoza bilmədiyim yuxu", "Rekviyem", "Qaranlıqdan aydınlığa", "Qara Məlik, Qara Qəzənfər və mən" kimi məşhur şeirləri daxil edilib. Kitab – Xalq Şairi Bəxtiyar Vahabzadənin Zakir Fəxri yaradıcılığı haqqında yazdığı "Poetik düşüncənin təzəliyi" və yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun "Cənab Söz" essesi ilə başlayır. Əflatun Amaşov bildirib ki, Zakir Fəxri yaradıcılığı dünya ədəbiyyatı ilə də bağlıdır. Belə ki, onun dünya ədəbiyyatından etdiyi məşhur poetik tərcümələri oxucular həvəslə oxuyur. Daha sonra Mətbuat Şürasının sədri Əflatun Amaşov yubilyarı diplomla təltif edib. Tədbirdə çıxış edənlər Zakir Fəxri yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıblar. Şairə bundan sonrakı fəaliyyətində uğurlar arzu ediblər. Şair Zakir Fəxri ona göstərilən diqqətə görə Mətbuat Şurasının rəhbərliyinə və bütün tədbir iştirakçılarına təşəkkür edib.