Dağlıq Qarabağla bağlı danşılqar necə davam edəcək? Siyasət

Dağlıq Qarabağla bağlı danşılqar necə davam edəcək?

Ermənistanda gərginlik davam edir. Proseslər fonunda Rusiyanın hansı addım atacağı, eyni zamanda Dağlıq Qarabağla bağlı danşılqar prosesinin necə davam etdiriləcəyi maraq doğurur. Xatırladaq ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Qarabağ danışıqları ilə bağlı "Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır", - deyə bildirib. Kremlin sözçüsü Dmitri Peskov və Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın bəyanatlarında bildirilir ki, Rəsmi Moskva Ermənistanda hakimiyyət əleyhinə keçirilən atiraz aksiyalarını ölkənin "daxili işi" kimi qiymətləndirir. Rusiyanın Ermənistandakı səfirliyinin bir gün əvvəl yaydığı bəyanatında də Moskvadan verilən bəyanatlar xatırlanır. Bəyanata görə, "məxməri inqilab"ın liderləri dəfələrlə bildiriblər ki, siyasi proses xarici siyasətdə dəyişiklikləri nəzərdə tutmur.
Amma erməni şərhçi Sarqis Artsruni bu fikirdədir ki, Moskva əslində Ermənistanı qanda batırmaqla hədələyir. O, "Birinci İnformasiya" saytında dərc etdiyi məqaləsində son günlər ərzində Rusiyanın aparıcı KİV-lərinin Ermənistana qarşı görünməmiş təbliğatı həyata keçirdiyini yazıb. Siyasi şərhçi qeyd edib ki, Rusiya səfirliyi, faktiki olaraq, qaçılmaz anti-Rusiya əhval-ruhiyyəsinin qarşısını almağa çalışır.
Sarqis Artsruni bundan başqa, xatırladır ki, Rusiyanin Birinci kanalında uzun müddət əsas fiqur olan, daha sonra ölkə iqtisadiyyatının sütunlarından biri sayılan "Rosneft"in birinci-vitse-prezidenti vəzifəsinin icrasına başlayan Mixail Leontyev 3 gün əvvəl "Komsomolskaya Pravda" radiosunun studiyasında Ermənistanda baş verənləri ən azından fahişəlik kimi xarakterizə etdi.
"Və indi səfirliyin izahını ciddi qəbul etmək və saymaq olarmı ki, dövlətin neft nəhənginin vitse-prezidenti özünün şəxsi və qeyri-rəsmi fikirini ifadə edirdi? Yeri gəlmişkən, Leontyevlə birlikdə eyni studiyada Kremlin başqa bir təbliğatçısı Mixail Yuryev var idi. O, təhqirlərlə kifayətlənmədi. Yuryev Ermənistanı müstəqil ölkə hesab etmir, üsyançı quberniya hesab edir. Hesab edir ki, Rusiya daha az inkişaf etmiş xalqları tabe etmək hüququna malikdir. Onun Ermənistanda siyasi böhranın qarşısını almaq üçün öz "resepti" var: o İrəvana iki alay göndərməyi və "məxmər inqilab"ı qanda batırmağı təklif edir. Rusiya Ermənistan parlamentini qanda batırdı. Həmin vaxt ölkəmizin dövlət maraqlarını anlayan hakimiyyət formalaşdırılmışdı. Rusiyanın himayəsi ilə 2018-ci il martın 1-də azadlıq üçün mübarizə aparan Ermənistan vətəndaşları güllələnmişdi", - erməni siyasi şərhçi qeyd edib.
Onun sözlərinə görə, şübhəsiz ki, Rusiyanın iki alayı bu dramatik günlərdə Ermənistana gələcək: "Serj Sarkisyan getməyi üstün tutdu və meydanda toplaşmış xalq Karen Karapetyanı oyundan çıxardı. Rusiyanın qisas təhlükəsi neytrallaşdırılıbmı? Tamamilə yox. Və hələlik məlum deyil ki, Rusiya futbol üzrə dünya çempionatını qəbul etməsəydi, hansı davranışı göstərərdi. Biz düşünməyə meyilliyik ki, Moskvada daim qisas haqqında fikirləşəcəklər və yalnız əlverişli fürsəti gözləyirlər. Erməni "məxməri inqilab"ı geosiyasi kontekstə malik deyil, ancaq Ermənistanın müstəqilliyi məsələsində maksimum prinsipial və ardıcıl olmalıdır. Çünki azad vətəndaşlar Rusiyanın quberniyasında yaşamaq istəmirlər. Rusiya analitikləri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İrəvanın qaytarılması haqqında danışırlar. Bizim oxucularımıza nəticə çıxartmağı təklif edirik".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Ermənistanda baş verən son proseslər Dağlıq Qarabağ prizmasından diqqət çəkir: "İrəvanda keçirilən mitinqlərdə Dağlıq Qarabağ məsələsi ümumiyyətlə hallanmadı". O bildirib ki, mitinqlərdə Dağlıq Qarabağın bayrağı görünmədi: "Dağlıq Qarabağ məsələsində tənzimlənmənin son gedişi ermənilər üçün ürək açan olmadığına görə heç bir məlumat verilmədi. N. Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi bəllidir. Deputat Arman Saqatelyanın söylədikləri faktdır. Bako Saakyan N. Paşinyanla görüşsə də mitinq iştirakçılarına birbaşa müraciət edə bilmədi. Bunu hansı səbəbdən edə bilməməsi əhəmiyyətli deyil. Bako Saakyan vaxtının çoxunu Yerevanda keçirir. Dağlıq Qarabağda yaşamaqdan artıq qorxur".
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanın dirçəlməsi, erməni xalqının öz dövlətçiliyini müdafiə etməsi mümkün deyil: "Dağlıq Qarabağda baş verənlər Ermənistandakı mitinqlərin alt layı hesab oluna bilər. Dağlıq Qarabağın daxilində kifayət qədər ciddi proseslər gedir. Ermənistan rəhbərliyinin ən böyük uğuru bəlkə də bu mitinqləri Amerikayönümlü elan etməsi oldu. Məhz bu səbəbə görə Dağlıq Qarabağ erməniləri hələ ki, tərəddüd edir. Amma bir azdan Dağlıq Qarabağ erməniləri tam inanacaqlar ki, Ermənistandakı mitinqlərin motivasiyasının nə olmasından asılı olmayaraq səbəbi Ermənistan rəhbərliyinin apardığı siyasətdir".
M. Əhmədoğlu əlavə edib ki, prezident S. Sərkisyanın dövründə Ermənistan kilsəsi mənəviyyatsızlıq yuvasına çevrildi: "Diasporla Ermənistan arasında uçurum yarandı. Demoqrafik problem yarandı. Miqrasiyanın rəqəmləri hədsiz çox böyük idi. Bu rəqəmlər demoqrafik problemə tam şərait yaratdı. Xarici borcu ən azı 7 dəfə artaraq 7 milyard dollar oldu. S. Sərkisyanın dövründə Ermənistanın yeganə "uğuru" var. O da Dağlıq Qarabağ məsələsində münaqişənin tənzimlənməsinə imkan verməməkdir. Bu uğuru əldə etmək üçün Sərkisyan ABŞ-ın adından Rusiyaya, Rusiyanın adından ABŞ-a yalanlar danışıb. Nəticədə, özü müdafiəsiz qaldı. Amma bu o demək deyil ki, Dağlıq Qarabağ tənzimlənməsində Sərkisyan istədiyinə nail oldu. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini 10 il yubatmaq Ermənistanın iqtisadiyyatının dirçəlməsini 20 il geri atmaq anlamındadır".
Millət vəkili Asim Mollazadə deyib ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı danışıqları davam etdirməsi üçün Ermənistanda hakimiyyət olmalıdır: "Hazırda Ermənistanda danışıqlar aparmaq üçün hökumət yoxdur". Millət vəkili qeyd edib ki, Ermənistanda Azərbaycanla qarşı-qarşıya əyləşəcək hökumətin olmasını gözləyirik: "Bildiyiniz kimi, orada stabillik pozulub və hökumətin nə vaxt formalaşacağı bəlli deyil. Biz hakimiyyət olmasını gözləyirik".
Politoloq Natiq Miri deyib ki, parlament seçkilərində Nikol Paşinyan parlament başına gələrsə, onun Azərbaycanla danışıqlardan öncə, Ermənistandakı bir çox problemləri həll etmək öhdəliyi yaranacaq: "Bilirsiniz ki, Ermənistanın büdcəsi boşalıb, neçə aydır əmək haqqı almayan işçilər çoxdur. Paşinyan Azərbaycanı hədələməkdən öncə, ac erməni xalqını doyurmalıdır". O, bildirib ki, Ermənistana qısa müddətdə "maliyyə yastığı" lazımdır: "Bu isə Rusiyada deyil, Qərb ölkələrində yaradıla bilər. Sarkisyan istefadan öncə buna cəhd edirdi. Məncə, Paşinyan qısa müddətdə zəif mövqe ilə danışıqlar masasına oturmaq istəməyəcək, hazırda Ermənistan zəif mövqedədir. Ermənistan ordusundakı korrupsiya, əsgər fərariliyi, ölüm halları və s neqativ faktlar mövqelərini bir qədər də zəiflədir. Paşinyan biruzə verməsə də, o, qərbyönlü siyasət yürütmək istəyir. Tədricən, Ermənistan Rusiyanın orbitindən çıxaraq, qərbə inteqrasiya etməyə çalışacaq. Bu isə Rusiyanın Ermənistana qarşı addımlar atacağı ehtimalını artırır. Bildiyiniz kimi, Ermənistan əksər sahələrdə sırf Rusiyadan asılıdır. Ona görə də yeni hökumətin işi çətin olacaq. Bu isə ölkəmizin xeyrinə olan məqamdır".
Politoloq Azərbaycanın hazırkı hökumətsizlik durumunda Ermənistana hücum etməməsindən danışaraq bildirib ki, dünyanın diqqəti Ermənistanda olduğuna görə, Azərbaycan hökuməti ehtiyatlı davranır: "Paşinyanın siyasəti Ermənistanın Rusiya tərəfindən sıxışdırılması ilə nəticələnə bilər. Bu məqamı diqqətdən qaçırmaq olmaz. Rusiya Ermənistanı cəzalandırmaq üçün Azərbaycana hərbi əməliyyatlar keçirmək üçün yaşıl işıq yandıra bilər. Hər şey sabahkı seçimlərdən, baş nazirin təyinatından sonra daha dəqiq bəlli olacaq".

Əli