Atəşkəsi pozmaq ermənilərin qorxaqlığıdır Siyasət

Atəşkəsi pozmaq ermənilərin qorxaqlığıdır

Ekspertlərin qənaətincə bu məsələdə Rusiya faktoru da mövcuddur

Cavid

Ermənilərin atəşkəsi pozması adi hala çevrilib. Hər gün azı 40-45 dəfə atəşkəsi pozan ermənilər Azərbaycan tərəfinin cavabı ilə susdurulsa da, təxribatlarından əl çəkmirlər.
Azərbaycan isə beynəlxalq qanunlara hörmətlə yanaşaraq, mütəmadi olaraq, BMT strukturlarını qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırır.
Bu da faktdır ki, cəbhə xəttində son vaxtlar vəziyyətin gərginləşməsinə görə məsuliyyət birbaşa olaraq Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistanın üzərinə düşür. BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, BMT-nin Nizamnaməsi, beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalını davam etdirməsi gərginliyin əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda sülhə nail olmaq yolunda əsas maneədir.
Qeyd edək ki, son günlər cəbhə xəttində ciddi gərginlik yaşanır. Erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması halları dəfələrlə artıb.
Millət vəkili Zahid Oruc bildirib ki, sərhəd xəttində atəşkəs rejiminin intensiv şəkildə pozulması Ermənistanın regionda yürütdüyü məqsədli siyasətin nəticəsidir. Bu da ən azı 3-4 hədəfi qarşıya qoymaqdan ibarətdir. Z.Oruc hesab edir ki, birinci növbədə atəşkəsin pozulduğu ərazilərdə təsərrüfat həyatı az qala dayandırılır. Məskunlaşma prosesi xeyli çətinləşir, insanların özlərinə kənar alternativ axtarmaq məcburiyyəti ortaya çıxır. Eyni zamanda bunu Ermənistanın Azərbaycandakı vəziyyətə təsir göstərmək üsulu adlandıran millət vəklinin sözlərinə görə, Azərbaycanın qeyri-stabil regionda yerləşməsini qabartmaq, buradakı investisiya mühitinə, xarici iqtisadi fəallığa zərbə vurmaq niyyətli də açıq şəkildə görünür.
Zahid Oruc qeyd edib ki, ən mühüm məsələlərdən biri böyük silah kütləsinin dövriyyədə xərclənməsi və bundan külli miqdarda qazancın əldə edilməsi məqsədidir: "Ermənistan mediasında anti-hakimiyyət dairələri dəfələrlə belə faktları gündəliyə çıxarıblar. Çünki Qarabağa gətirilən qanunsuz silahlar ayrı-ayrı dairələrinin, silah qaçaqmalçılığı qüvvələrinin işidir. Ortada böyük maliyyə vəsaitləri dövr edir. "Rusiyadan alınan silahlar Azərbaycana atılır" adı ilə siyahılardan silirlər və əvəzində dövlətin vəsaitləri xərclənir. R.Köçəryan dəfələrlə Sərkisyan rejiminə qarşı bu cür arqumentlərlə çıxış edib. Atəşkəs rejiminin pozulmasının arxasında dayanan məqsədlərdən biri "silah partiyası"nın bu proseslərdən qazanmaq niyyətdir. Azərbaycanın da Ermənistanın törətdiyi təxribatlara adekvat cavab verməsini erməni hakimiyyəti təhlükənin böyüməsi kimi qiymətləndirir və yeni silahların alınması üçün şərait yaradır. Ermənistan bununla həmçinin Azərbaycanı xaricdən silah almağa vadar etməyə çalışır. Vaxtilə Qərb SSRİ-ni sürətlə silahlanma yarışına qoşduğu kimi Azərbaycanın da normal iqtisadi, sosial proqramlarını müəyyən mənada dayandırıb, əvəzində bizi hərbi texnoloji avadanlıqların alınmasına vadar etməyə səy göstərirlər. Yəni ki, ölkə özünün strateji yolundan çıxsın, əvəzində özünümüdafiə tədbirlərini daha çox qabartsın, hərbiləşmə və militarisləşmə meyillərinə yuvarlansın. Ermənistanın məsələdə əmçinin beynəlxalq dairələrə mesaj vermək niyyəti də var".
Zahid Oruc atəşkəs rejimi arxasında təkcə Ermənistanın durmadığı qənaətindədir.
Politoloq Elxan Şahinoğlunun qənaətincə isə qarşılıqlı ittihamlar içində həqiqəti müəyyənləşdirmək çətindir. Atəşkəsi pozmaqda tərəflərdən hər birinin açıqlamadığı fərqli motivləri ola bilər: "Azərbaycanın motivi: Ermənistan ilkin addım atmadığına, Dağlıq Qarabağ ətrafında torpaqları boşaltmadığına və danışıqları uzatdığına görə daima təzyiq altında saxlanılmalıdır. Dağlıq Qarabağ istiqamətində atəşkəsin pozulması və ermənilərin itki verməsi Ermənistana qarşı hərbi, siyasi və psixoloji təzyiq vasitəsi sayıla bilər. Ermənistanın motivi: Azərbaycanın hərbi büdcəsi artır, ordu yeni silahlarla təchiz olunur. Ermənistanın isə yeni silah almağa və hərbi büdcəsini artırmağa, bu mənada Azərbaycanla yarışmağa imkanı yoxdur. Buna görə də, Ermənistan-Rusiya tandemi atəşkəsi pozaraq, Azərbaycan tərəfini itkiyə məruz qoymaqla Bakıya onu anlada bilər ki, hərbi paritet İrəvanın xeyrinə olmasa da, Ermənistan ordusu çevikliyini itirməyib və lazım olan halda bunu Azərbaycana əyani şəkildə nümayiş etdirməyə hazırdır. Buna baxmayaraq, hər iki tərəfin motivi ölkələrdən hər hansı birini cəbhə bölgəsindəki mövqeyini gücləndirmir. Məsələ burasındadır ki, Azərbaycan ordusu Dağlıq Qarabağda hər hansı uğurlu əməliyyat keçirərək, qarşı tərəfi itkiyə məruz qoyuraq hər hansı coğrafi yüksəkliyi ələ keçirirsə, bir neçə gün sonra Ermənistan fərqli məkanda cavab aksiyası həyata keçirməyi hədəfləyir. Ermənistan hansısa istiqamətdə atəşkəsi pozaraq üstünlüyünü göstərməyə çalışırsa, qısa müddətdən sonra Azərbaycan tərəfi əks-həmlə ilə yenidən pariteti saxlayır. Digər tərəfdən Dağlıq Qarabağda pozulan atəşkəs, Qarabağdan uzaq ərazidə, Ermənistan-Azərbaycan sərhədi boyunca da özünü göstərir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlaya biləcək müharibənin başqa ərazilərə keçmə ehtimalı yüksəkdir".
Politoloq bildirib ki, atəşkəsin intensiv pozulması halında 3 amili diqqətə almalıyıq: "Birinci amil - Rusiya bu durumda özünü necə aparacaq? Rusiyanın Ermənistandakı hərbi heyəti Azərbaycanın itkisini çoxaltmaq məqsədilə cəbhə bölgəsində Ermənistana nə kimi dəstək verə bilər? İkinci amil - atəşkəsin pozulmasıyla və itkilərlə bağlı müxtəlif xəbər və şayiələr yayılır. Şayiələrin və dezinformasiyaların geniş yayılmasında sosial şəbəkələr neqativ rol oynayır. Bunun qarşısını almaq çətindir. Üçüncü amil - aydındır ki, atəşkəs əmrlə pozulub, bu və ya digər tərəf nəbz yoxlaması həyata keçirib. Ancaq cəbhə bölgəsində intensiv atışmanı dayandırmaq mümkün olmazsa və itkilər artarsa, atəşkəsin pozulmasına əmr verənlər bir anda nəzarəti itirə bilərlər. Əmrlə pozulan atəşkəsin daha sonra lokal və genişmiqyaslı toqquşmalara çevrilməsi təhlükəsi yarana bilər. Əsəblərin tarıma çəkildiyi hansısa anda yerlərdəki hərbçilərdən bir qrupu əmr gözləmədən fəaliyyətə keçə bilərlər".
Konfliktoloq Arif Yunusun fikrincə, cəbhə bölgəsində atəşkəsin pozulması həm də müəyyən mənada bir tərəfin qarşı tərəfə mesajı xarakterli olduğunu düşünür: "Bəzən danışıqlardan sonra da atəşkəsin pozulması halları ilə rastlaşırıq. Belə hallarda olur ki, danışıqların gedişindən narazı qalan tərəf atəşkəsi pozur. Yəni bununla öz etirazını qarşı tərəfə bildirir".
Politoloq Elşad Mirbəşiroğlu isə bildirib ki, əgər nəzər yetirsək ki, hansı məqamlarda atəşkəs rejimi tez-tez pozulur, məhz onda bunun səbəbləri haqqında müəyyən fikirlər söyləmək olar. Politoloqun fikrincə, ümumiyyətlə, münaqişənin həll olunması ehtimalları göründüyü zaman ermənilər dərhal bunun qarşısını almaq üçün təxribatçı addımlar atmağa başlayırlar: "Buna misal olaraq demək olar ki, tərəflər arasında təmaslar sıxlaşan zaman və yaxud, beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq göstərən zaman ermənilər atəşkəs rejiminin tez-tez pozurlar. O cümlədən, prezidentlərin sonuncu görüşləri ərəfəsində də Ermənistan tərəfi atəşkəs razılaşmasına əməl etməyib. Bununla Ermənistan bütün vasitələrlə status-kvo vəziyyətini saxlamağa çalışır". İşğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görüşlərin keçirilməsi zamanı həm dünya ictimaiyyətinin, həm də, beynəlxalq vasitəçilərin diqqətini münaqişənin həllindən yayındırmağa çalışdığını da deyən Mirbəşiroğlu bildirib ki, məhz bu səbəbdən, atəşkəs rejimi pozulmaqda davam edir: "Belə olan halda da diqqət Dağlıq Qarabağ münaqişənin tənzimlənməsindən kənara istiqamətlənir. Bu da Ermənistanın işğalçılıq siyasətinin davamı kimi hesab edilir. Yəni Ermənistan tərəfindən atəşkəs rejiminin tez-tez pozulması işğalçılıq siyasətinin bir hissəsidir ki, onlar bunu zaman-zaman tətbiq edirlər".
Elşad Mirbəşiroğlu onu da bildirib ki, bu gün dünyada ikili standartlar müşahidə olunur. Yəni Ermənistanın işğalçılıq siyasəti dolayısı yollarla dəstəklənir: "Ümumilikdə Ermənistan atəşkəs rejimindən zaman-zaman müəyyən məqsədlərinə çatmaq üçün istifadə edir. Amma təəssüflər olsun ki, beynəlxalq güclər Ermənistanın bu hərəkətlərinə heç bir ciddi cavab vermir".
Politoloq sonda onu da bildirib ki, atəşkəs rejiminin pozulmasını şərtləndirən digər məqam Rusiya faktorudur. Yəni, Rusiya regionda gərginliyi saxlamaq üçün Ermənistandan bir alət kimi istifadə edir: "Rusiya açıq şəkildə Ermənistana əmr verir ki, cəbhə xəttində atəşkəsi pozmaq lazımdır. Bununla belə, onu da demək olar ki, Ermənistan öz təxribatlarının qurbanı ola bilər. Cünki, Azərbaycan təxribatların qarşısını almaq üçün hərəkətə keçə bilər ki, bu da işğalcı ölkənin sonu demək olar".