“Oyun hələ davam edir” Siyasət

“Oyun hələ davam edir”

Sahib Alıyev: "Burada ön planda hakimiyyətdən narazılıq görünsə də, arxa planda Dağlıq Qarabağ problemi durur"

"Rusiyada türkdilli dövlətlər, özəlliklə də Azərbaycan və Türkiyə ilə işləməkdə görəvləndirilən Aleksandr Duqinin Ermənistadakı hakimiyyət dəyişikliyi və onun Dağlıq Qarabağ probleminin həllinə təsiri haqda son açıqlamasına baxıram və Sərkisyanın Paşinyanla əvəzlənməsinin pərdəarxasında nələrin durda biləcəyi haqda dediklərimin hardasa özünü doğrultduğunu görürəm". Bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib: "Duqin bildirir ki, Sərkisyan baş nazir olandan az sonra 5 rayonun Azərbaycana qaytarılmasına razılaşmışdı. Paşinyan onu devirdi və bütün kartlar yenidən qarışdı.
Bilmirəm, belə bir razılaşma olub, yoxsa yox. Ancaq öncə də dediyim kimi Ermənistandakı bu hakimiyyət dəyişikliyi oyunu Dağlıq Qarabağ probleminin həllindənsə onun idarə edilməsində maraqları olan bütün güclərə danışıqları daha da uzatmaq üçün yeni manevr imkanları açdı. Və hayların indi də Xankəndində küçə tamaşalarına başlamaları onu göstərir ki, oyun hələ davam edir. Burada ön planda hakimiyyətdən narazılıq görünsə də, arxa planda Dağlıq Qarabağ problemi durur. Haylar bu yolla onu öz xeyirlərinə həll edəcəklərini, mümkün olmasa belə, status-kvonu saxlamaq üçün əlavə "legitim vaxt" qazanacaqlarını düşnünürlər.
Bu isə bir daha onu göstərir ki, Azərbaycana öz torpaqlarını geri qaytarmaq üçün savaşdan başqa ayrı yol buraxılmır".