“İğtişaşın inanclı adamlarla, əsl dindarlarla heç bir əlaqəsi yoxdur” Siyasət

“İğtişaşın inanclı adamlarla, əsl dindarlarla heç bir əlaqəsi yoxdur”

Musa Qasımlı: "Azərbaycanı Suriyaya çevirmək istəyən radikal qruplaşmalardır"

Məhəmməd Əsədullazadə: "Məqsəd xalqın milli birliyinə zərbə vurmaqdır"

İyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, qanuni asayişi kobud şəkildə pozmağa cəhd göstərməklə radikal-dini çağırışlar etməklə, ictimaiyyəti itaətsizliyə dəvət edərək, şəhər sakinlərini dövlət qanunlarını pozmağa yönəlik hərəkətlərə cəlb etməyə səy göstəriblər. Hadisə nəticəsində iki igid polisimiz Vətən uğrunda şəhid olub.
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir ki, dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.
Millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı bildirib ki, iğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin Müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyatı yoxdur: "Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb.
İğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi yoxdur. Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün şəraiti yaradıb və onların işlərinə qarışmır.
Hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə və amasızlıqla alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan və dövlətin orqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir?
Soruşulur: Bu iğtişaş gözlənilən idimi? Hesab edirəm ki, bəli! Hələ Prezident seçkilərinin vaxtının dəyişdirilməsi zamanı səbəb kimi baş verən mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi. Radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğu qənatəindəyəm. Bundan sonra da digər belə iyrənc cəhdlər, terror hadisələri gözləniləndir.
Firkrimcə, daha üç hadisə Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar etdi: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə bayram edilməsi; millətimizin bağrından çıxan ordumuzun möhtəşəm paradı; Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmənin qovulması və torpaqlarımızın azad edilməsi.
Yenə də sual olunur: millətimizdə qürur yaradan bu üç hadisəni kimlər, hansı qruplaşmalar və ölkələr istəmir? Elə isə iğtişaş kimə xidmət edir?
Ancaq iğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan Respublikası dövləti çox güclüdür, bütün təxrubatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür".
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ölkəmizin son aylarda Avropa ilə enerji sahıəsində əməldaşlığının yeni mərhələsi, Cənubi Qaz dəhlizinin və əsas seqmenti olan TANAP-ın işə düşməsi, ordumuzun möhtəşəm paradı, Ermənistan üzərində artan üstünlüyümüz bəzi məkrli dairələri narahat edir: "Bundan əlavə, ölkəmizdə sabitliyin və təhlükəsizliyimizn bərqərarı bir sıra dairələri də narahat edən faktordur. Gəncədə baş verənlər siyasi təxribatdır və din pərdəsi altında ölkəmizə qarşı zorakı siyasətdir. Məqsəd yenə deyirəm, hakimiyyəti laxlatmaq, xalqın milli birliyinə zərbə vurmaqdır. Daima ölkəmizdə xarici dairələr dini radikalizmdən istifadə edibdir. Bir vaxtlar ölkədə Səudiyyə Ərəbistanından idxal olunan vəhabi təşrifçı qruplar inkişaf edirdi. Onların fəaliyyəti artıq məhdudlaşıb. İndi isə İran öz din pərədəsi altında fars idelogiyasını yaymaq siyasi xətti götürüb.Təssüf ki, İranın bu məkrli siyasətinin alətinə çevrilənlər də var. Gəncədəki hadisələr siyasi hadisələrdi və dövlətimizə qarşıdır. Hesab edirəm ki, İranın din pərdəsi altında apardığı siyasəti təbliğ edənlər cəzalanmalıdır. Polisin rolunu yüksək qiymətləndiriəm və təhlükəsizlik orqanları daima peşəkarcasına öz işlərinin öhdəsindən layiqincə gəlir. Gəncə hadisələrində xalqımız birlik nümayiş etdirib, öz etirazını bu kimi təxribatçllara bildirməlidir".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib ki, hər cür zorakılıqların və şiddətin qəti əleyhinədir: "Bu metodlarla hansısa problemlərini həll etməyə, nəyəsə nail olmağa çalışanlar səhv edirlər". Onun sözlərinə görə, çalışmaq lazımdır ki, ölkədə qarşıdurmaların, gərginliyin və qeyri-sivil hərəkətlərin daha da artmasına deyil, sağlam rəqabətə və mübarizəyə əsaslanan xətt götürülsün: "Ölkədə və idarəetmədə azda olsa problemlər var. İnsanlar arasında narazılıqlar da mövcuddur. Lakin bunlardan sui-istifadə edib, ölkəni xaosa sürükləmək olmaz. Məncə istər müxalifət olsun, istər iqtidar fərq etməz, hər kəsin üzərində bu dövlətə və millətə görə məsuliyyət yükü var. Azərbaycanı istəməyənlər ola bilər və var. Onların əlinə fürsət verilməməlidir. İndi elə bir mərhələdəyik ki, dörd tərəfimizdə terrorizm və separatizm tüğyan edir. Ona görə də ehtiyatlı və ayıq-sayıq olmalıyıq ki, bizi bu proseslərin içinə ata bilməsinlər. Təqdirəlayiq haldır ki, xalq təmkininin qoruyub saxlayıb və hər deyilənlərə inanmır. Odur ki, kimin nə deməsi, nə söyləməsi, hansı çağırışlar etməsi, hansısa təxribatlar çəkmə cəhdləri insanları düzgün bildiyi yoldan sapındıra bilməz".
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli diqqətə çatdırıb ki, Gəncədə baş verən hadisələr polisə qarşı deyil, ümumilikdə Azərbaycanda sabitliyin pozulması üçün atılmış addımlardır: "Hətta çox vaxt ictimai rəydə bir çaşqınlıq yaradılır ki, Gəncədə baş verən hadisə icra başçısına, polisə qarşı olan olaylardır. Amma əslində bunların heç biri deyil. Bu Azərbaycana və ölkəmizdəki sabitliyə qarşı baş vermiş olaydır. Hər halda hüquqi dövlətdə icra başçısı ilə bağlı bir problem baş veribsə onun hüquqi yolları, mexanizmləri var. Bu variant qəbuledilməzdir və terrorçuluq əməlidir. Əslində nə qədər üzücü olay olsa da burada qürurverici və şərəf duyacaq bir məqam var. Bu məqam ondan ibarətdir ki, görünür onlar Azərbaycan polisinin gücünü, qüdrətini və ideoloji hazırlığını düzgün hesablamayıblar. Azərbaycan polisi vəzifə borcunu yerinə yetirmək üçün hətta canından belə keçməyə hazırdır. Bu məsələ yəqinki o iğtişaş təşkilatçılarının, ölkəmizdə sabitliyi pozmaq istəyənlərin nəzərindən qaçıb. Qürurverici haldır ki, Azərbaycan məmuru, polisi öz şərəfli vəzifəsini qorumaq üçün canını verməyə hazırdır. Hesab edirəm ki, bizim ictimai rəy bu yöndə köklənəcək və ictimaiyyət xalqımızın, dövlətimizin, polisimizin yanında olacaq".
Millət vəkili Azər Badamov bildirib ki, ümumiyyətlə dövlətə qarşı təxribatçı əməllər heç zaman düzgün sayıla bilməz: "Ölkədə baş verən hadisə də Azərbaycana qarşı törədilmiş bir təxribatdır. Bu mənada təxribatçılar çox ciddi cəzalandırılmalıdır". Onun sözlərinə görə, Azərbaycan hüquqi bir dövlətdir: "Hər bir insan törətdiyi cinayətə görə cavab verməlidir. Həmçinin Gəncədə baş verən hadisə ilə bağlı təxribatçı məlumatlar yayan insanlara qarşı da ciddi tədbir görülməlidir. Ümumiyyətlə təxribatı təbliğ etmək olmaz əksinə onun qarşısı alınmalıdır. Biz demokratik və hüquqi dövlət qurmuşuq. Bizim ən böyük nemətimiz, doğrumuz da əldə olunmuş siyasi sabitlikdir. Sabitliyi pozmağa çalışan hər bir şəxsə qarşı ciddi tədbir görülməlidir".

Əli