TürkPA-nın baş katibi Altınbek Mamayusupov Astanada Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanovla görüşüb.
TürkPA-dan verilən xəbərə görə, A. Mamayusupov bildirib ki, katiblik türkdilli ölkələrin gələcəkdə inteqrasiya prosesinin asanlaşdırılması məqsədilə üzv ölkələrin milli qanunvericiliyinin uyğunlaşdırılması sahəsində fəal şəkildə müzakirələr aparır.
K. Abdraxmanov isə öz növbəsində qeyd edib ki, prezident Nursultan Nazarbayev inkişafının yeni mərhələsinə qədəm qoymuş əməkdaşlığa xüsusi yer verir və TürkPA türkdilli ölkələrin parlament diplomatiyası qurumu olaraq türk inteqrasiyasının əsasına çevrilib. O qeyd edib ki, TürkPA-nın BMT, ATƏT, AŞPA kimi öndə gedən beynəlxalq təşkilatlarla əməkdaşlığı türk əməkdaşlığının beynəlxalq arenada tanınması baxımından əsas göstəricidir.
Görüş zamanı tərəflər əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıblar və 2018-ci ilin oktyabr ayına planlaşdırılmış Türk Şurası dövlət başçılarının 6-cı zirvə toplantısının gündəliyində olan məsələlərə toxunublar.