“MDB ölkələrində kibercinayətlərin sayı artıb“ Siyasət

“MDB ölkələrində kibercinayətlərin sayı artıb“

Bakı. 20 iyul. REPORT.AZ/ "Təhlükəsizliyin təmin edilməsi və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq daim MDB ölkələrinin inteqrasiya prosesinin prioritet istiqamətlərindən biridir".
"Report" xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə komitəsinin sədri, icraçı katib Sergey Lebedev MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının açılışında deyib.
"Ölkələrimizin birgə səyləri sayəsində MDB-də bu istiqamətdə kompleks yanaşma təmin edilir, təşkilati-hüquqi sistem yaradılıb və təkmilləşdirilir, müasir dövrün tələblərinə cavab verən tərəfdaşlıq formalarından təcrübədə istifadə olunur", - S.Lebedev bildirib.
O həmçinin cinayətkarlığın azalmasına baxmayaraq, MDB ölkələrində kibercinayətlərin sayının artdığını qeyd edib. S.Lebedevin fikrincə, transmilli cinayətkarlıq ilə əlaqələrin hesabına imkanları artan beynəlxalq terrorizm xüsusi təhlükə daşıyır.
S.Lebedev belə hallarda daxili işlər nazirlikləri arasında əməkdaşlığın səviyyəsini artırmağın, onların operativ və texniki imkanlarını yaxşılaşdırılmasının, analitik işi təkmilləşdirməyin, informasiya və peşəkar təcrübə mübadiləsi həyata keçirməyin zəruri olduğunu vurğulayıb.