“Fransa prezidentinin bir çox məsələlərə öz mövqeyini bildirməsi...” Siyasət

“Fransa prezidentinin bir çox məsələlərə öz mövqeyini bildirməsi...”

Fikrət Sadiqov: "Azərbaycan üçün müsbət faktdır"

Azərbaycanla Fransa arasında münasibətlər inkişaf edir. Prezident İham Əliyevin Fransaya səfərindən sonra əlaqələrin daha irəli gedəcəyi proqnozlaşdırılır. Onu da əlavə edək ki, Fransa Minsk qrupunun həmsdərlərindən biridir.
Ekspert Vüqar Əhmədov deyib ki, bu gün Fransa dövləti Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir: "Hətta dəfələrlə olub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk səfərini Fransaya edib". Onun sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm institutun yəni ATƏT-in Minsk Qrupunun üzvüdür: "Fransa münaqişənin həllində bir tərəf kimi çıxış edir. Bu gün heç kimə sirr deyil ki, Fransada güclü erməni lobbisi var. Ona görə də Fransa dövləti ilə iş aparmaq bizim üçün mühüm əhəmiyyətə malikdir. Sözsüz ki, burada əsas məsələ dövlətlərarası münasibətlərdir. Cənab Prezidentin Fransa dövləti ilə qurduğu uğurlu münasibətlər, əlaqələr yüksələn xətt üzrə davam edir. Bu səfər çərçivəsində uğurlu tərəfdaşlıqla bağlı saziş imzalandı. Bu gün Azərbaycanda Fransanın universitetləri fəaliyyət göstərir. Həmçinin qeyd etmək olar ki, Emmanuel Makron Fransanın yeni prezidentidir. Makron yeni seçilmiş prezident kimi maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal mövqe tutsun və bu istiqamətdə nəticə əldə etsin".
Politoloq Fikrət Sadıqov isə bildirib ki, Fransada hakimiyyətə gələn yeni siyasi rəhbərliyin heç bir partiyaya mənsub olmaması bir sıra məsələlərə yanaşma tərzində özünü göstərir: "Fransa prezidenti yeni nəsil nümayəndəsi olaraq bir çox məsələlərə öz mövqeyini bildirməsi Azərbaycan üçün müsbət faktdır". Fransanın Avropa İttifaqının aparıcı oyunçularından olduğunu deyən politoloq söyləyib ki, bu ölkə ilə yaxınlaşıb bir sıra məsələləri müzakirə edib həllinə nail olmaq, öz maraqlarımız çərçivəsində xarici siyasət həyata keçirmək, Azərbaycanın maraqlarına tam şəkildə cavab verir.
"Bildiyiniz kimi Fransa həm də uzun illərdir ki, ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Çünki faktiki olaraq onlar 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində seyrçi mövqeyə malikdirlər. Amma hər halda, Fransanın bu məsələyə yeni yanaşması, Azərbaycan Prezidentinin bu ölkəyə son səfəri zamanı münaqişənin həlli istiqamətində yeni fikirlərin söylənməsi və problemin həlli ilə daha ciddi məşğul olmaq istəyi ölkəmizin maraqları ilə üst-üstə düşür. Bu baxımdan düşünürəm ki, nə qədər də Fransada bir sıra dairələr erməni lobbisinin təsiri ətrafında qalsa da, biz Fransanın Azərbaycanın maraqları çərçivəsində addım atması üçün əlimizdən gələni etməliyik" – deyə, F. Sadıqov vurğulayıb.
Prezident İlham Əliyevin Fransaya son səfərinin bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan politoloq söyləyib ki, səfər çərçivəsində dövlət başçısının fransalı həmkarı, eləcə də aparıcı şirkətlərin rəhbərləri ilə görüşü hər iki dövlətin maraqlarına cavab verməklə yanaşı, eyni zamanda ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf etməsinə zəmin yaradır. F. Sadıqov əlavə edib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi də Dağlıq Qarabağ münaqişəsinin həllində bu dövlətin mövqeyinə təsir edə bilər: " Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində şəxsiyyətlər arasında münasibətlər böyük rola malikdir. Dövlət başçıları bir çox problemlərin həllində xüsusi rola malik olublar. Düşünürəm ki, Azərbaycan və Fransa dövlət başçıları arasında yaranan isti münasibətlər, qarşılıqlı anlaşma formatı bir çox məsələlərin həllinə yeni prizmadan baxılmasına gətirib çıxara bilər. Azərbaycan-Fransa arasında isti münasibət Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinə səbəb ola bilməz. Lakin Fransanın problemin həllinə Azərbaycanın maraqları çərçivəsində addım atması müsbət nəticələrə gətirib çıxara bilər".