“Çavuşoğlunun Bakıya səfəri Ermənistana önəmli mesaj idi” Siyasət

“Çavuşoğlunun Bakıya səfəri Ermənistana önəmli mesaj idi”

Elxan Şahinoğlu: "Ermənistan-Rusiya siyasi-hərbi ittifaqında ciddi suallar yarandığı halda, Azərbaycan-Türkiyə siyasi-hərbi ittifaqı inkişaf edir və bütün regional çağırışlara cavab verməyə hazırdır"

İyulun 24-də Tükiyə xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəlib. Mövlud Çavuşoğlu deyib ki, biz qardaşıq, bir millət, iki dövlətik: "Bir ənənəmiz var, hər seçkidən sonra ilk səfərlər Azərbaycana və ya Türkiyəyə olur. Parlament sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar da ilk səfərini Azərbaycana edəcək". Məlum olduğu kimi Azərbaycan və Türkiyə təkcə ikitərəfli sahədə deyil, eləcə də regional və beynəlxalq məslələrdə də əməkdaşlıq edir. Qarşıda isə bu əməkdaşlığın daha da inkiaf etdirilməsi hədəflənir. Təsadüfi deyil ki, M. Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcəklər. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə regionda birgə iri layihələr həyata keçirirlər: "Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars layihəsi həyata keçirildi və bu gün bir çox ölkələr bu layihəyə qoşulmaq istəyirlər". M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir: "Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək". Məlum olduğu kimi Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim ölkəmizin mövqeyini müdafiə edib. Nə baş verməsindən, hansı təzyiqlərə məruz qalmasından asılı olmayaraq Azərbaycanın mövqeyini dəstəkləməkdən çəkinməyib. Şübhəsiz ki, bundan sonra da Türliyə sözügedən məsələdə qətiyyət nümayiş etdirəcək. Elə bunu nəzərə alan M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır: "Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik".
Səfəri şərh edən "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib ki, artıq xeyli illərdir Türkiyə ilə Azərbaycan arasında bütün məsələlərdə - istər regional, istərsə də beynəlxalq, qlobal müstəvidə böyük əməkdaşlıq var: "Bu vəziyyət iki ölkənin həm regional, həm də xarici siyasət tarixində oxşar eyni maraqlara, siyasətlərə malik olmasının bariz nümunəsidir". Onun sözlərinə görə, birgə beynəlxalq miqyasda və regional sülhü təmin etməkdə Türkiyə ilə Azərbaycanın qoşa fəaliyyət göstərməsi sahəsində çox böyük təcrübələr var: "Xüsusilə də Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən indiyədək davam edən əməkdaşlıq siyasəti özünün böyük nəticələrini verməkdədir. Həmçinin mən beynəlxalq təşkilatlarda müəyyən məsələlərin ətrafında Türkiyə ilə Azərbaycanın eyni mövqedən çıxış etməsini xüsusi vurğulamaq istəyirəm. İndiyədək elə bir məsələyə rast gəlinməyib ki, beynəlxalq təşkilatlarda müzakirə olunanda hər iki ölkə fərqli mövqdən çıxış etsin. Bundan başqa regionda sülhün və əmin-amanlığın təmin olunması, dünyanın, o cümlədən Avropanın enerji ilə təchiz olunması istiqamətində Türkiyə-Azərbaycan əməkdaşlığının imkanlarının üzə çıxarılması sahəsində çox böyük iş birliyi və təcrübə mövcuddur. Bu gün Türkiyə ilə Azərbaycan həqiqətən vaxtilə Ümummilli Lider Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlət devizini demək olar ki, dövlət fəaliyyətinin bütün sahələrində tam şəkildə reallaşdıra biliblər. Bu səviyyənin əldə olunmasında Türkiyə-Azərbaycan prezidentlərinin və şəxsən cənab İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğanın bir-birinə və dövlətlərinin mənafelərinin çox anlayışla yanaşması müstəsna rol oynayır. Artıq Türkiyənin və Azərbaycanın əməkdaşlığının regiondakı bir sıra problemlərin həll olunmasında böyük təsirə malik olduğunu, hətta beynəlxalq miqyasda da qeyd edirlər. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlığı qədər regional və qlobal inkişafa töhfə verən ikinci bir ikitərəfli əməkdaşlıq formatı yoxdur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da Azərbaycan sonuncu səfəri bu istiqamətdə daha böyük imkanların açılmasına öz təsirini göstərəcək".
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə vurğulayıb ki, Türkiyə dövlətinin rəhbərlərinin seçkilərdən sonra ilk səfərinin Azərbaycana edilməsi artıq ənənə halını alıb: "Bildiyiniz kimi qardaş bir müddət bundan öncə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra baş nazir Binəli Yıldırım, ötən gün isə bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk səfərini Azərbaycana etmiş oldu. Mövlud Çavuşoğlu uzun illərdir ki, Azərbaycanın dostudur və bir sıra beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq fəaliyyət ortaya qoyulub".
Türkiyə XİN başçısının ölkəmizdə bir neçə görüş keçirdiyini deyən deputat bildirib ki, görüşlər iki ölkə arasında gələcəkdə görüləcək işlər müzakirə edilib: "Azərbaycan və Türkiyə öz münasibətlərini "bir millət, iki dövlət" düsturu ilə həm siyasi, həm iqtisadi, həm də digər bir sıra sahələrdə birləşdirərək yeni sistem formalaşdırıb".
Səfər zamanı Azərbaycan-Türkiyə XİN başçılarının görüşünə toxunan A. Mollazadə söyləyib ki, bu görüş iki ölkənin xarici siyasətində koordinasiya üçün mühüm amildir: "Mən əminəm ki, Azərbaycanla Türkiyənin gələcəkdə çox böyük işləri olacaq".
İşçi qrupunun üzvü qeyd edib ki, Türkiyə XİN başçısının səfər zamanı ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlara mesaj göndərməsi çox mühüm əhəmiyyət kəsb edir: "Bildiyiniz kimi Çavuşoğlu ötən gün Azərbaycanda keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda birgə fəaliyyətini gücləndirəcək. Hər kəsə məlumdur ki, beynəlxalq təşkilatlarda həm Azərbaycana, həm də Türkiyəyə qarşı bir informasiya müharibəsi gedir. Millətə nifrətlə yaşayan qüvvələr həm Azərbaycan həm də Türkiyəyə qarşı müxtəlif sənədlər hazırlayıb, müvafiq tədbirlər həyata keçirməyə çalışırlar. Dəfələrlə beynəlxalq təşkilatlarda Türkiyəyə ünvanlanan suallar Azərbaycan, Azərbaycana ünvanlanan fikirlər Türkiyə tərəfindən yüksək şəkildə cavablandırılıb. Bu baxımdan Türkiyə XİN başçısının bəyanatı hər iki ölkəyə qarşı təhdidlərdə birgə mübarizədə mühüm rola malikdir. Azərbaycan və Türkiyə bu məsələlərdə öz siyasətini koordinasiya edərək, fəaliyyətlərini genişləndirilməlidir. Beynəlxalq təşkilatlarda bizə qarşı iftira, böhtan kampaniyasını darmadağın etməyə çalışmalıyıq".
Politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana bir günlük səfəri diqqəti çəkdi: "Çünki, bir müddət əvvəl Azərbaycana Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər etmişdi və nümayəndə heyətində Mövlüd Çavuşoğlu da var idi. Belə isə az müddətdə Çavuşoğlunun yenidən Bakıya qayıtmasını hansı amillər zəruri edirdi?" Onun sözlərinə görə, birincisi, son illər Azərbaycan və Türkiyə xarici siyasət idarələri daima koordinasiya şəraitində fəaliyyət göstərirlər: "Məsələn Mövlüd Çavuşoğlu Bakıdakı mətbuat konfransında belə bir ifadə işlətdi ki, Azərbaycanın xarici işlər nazirini həm də Türkiyənin xarici işlər naziri sayır. Bu ifadə iki ölkə arasındakı yaxınlığın tərənnümüdür. Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın maraqlarını ifadə edir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin birində Türkiyə əleyhinə danışan Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana belə cavab vermişdi: "Bu tədbirdə Türkiyə yoxdur, ona görə də mən sizə Türkiyənin əvəzinə də cavab verəcəm".
İkincisi, Mövlud Çavuşoğlu Bakıya səfərində üçlü görüşlərin koordinasiyası məsələsinə də toxundu. Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi regional üçlü formullar var. Bunlardan Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistanı missal çəkmək olar. Görünür, Çavuşoğlu bu üçlü formatlardan birinin və ya bir neçəsinin gündəlik mövzularını da azərbaycanlı həmkarı Elmar Məmmədyarovla qapalı görüşdə müzakirə etdi. Fikrimcə, adı çəkilən formatlardan bu gün ən aktualı Azərbaycan-Türkiyə-Türkmənistandır. Çünki, Ankaranın əsas məqsədlərindən biri Türkmənistan qazının da Azərbaycan üzərindən Türkiyəyə çatdırılmasıdır. Bunun üçün münbit şərait yetişib. TANAP boru xətti işləyir, üstəgəl də avqust ayında Xəzərin status ilə bağlı yekun konvensiya sazişi imzalanacaq. Bu konvensiya imkan verəcək ki, Türkmənistan və Azərbaycan öz sektorlarına aid hissəsində Xəzərin dibi ilə boru xətti çəksinlər. Bundan başqa Azərbaycan-Türkiyə-Ukrayna formatını da hərəkətə gətirməyin vaxtıdır.
Üçüncüsü, Çavuşoğlu ilə Məmmədyarov arasında Qarabağ mövzusunda da fikir mübadiləsi olub. Türkiyə Qarabağ münaqişəsinin həllin istiqamətində fəallığını artırmaq istəyir. Bu məsələdə də Bakı ilə Ankara arasında sıx koordinasiyaya ehtiyac var.
Dördüncüsü, Mövlud Çavuşoğlu Bakıdakı mətbuat konfransında onu da qeyd etdi ki, Fətullah Gülən şəbəkəsi ilə ən ciddi mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Mövlud Çavuşoğlu Azərbaycanda qapadılan məktəblər mövzusuna aydınlıq gətirdi. Həmin məktəblər keçmişdə Gülən şəbəkəsinə aid olub. İndi isə Türkiyə həmin məktəbləri "Maarif" Vəqfinə vermək barədə düşünür. Fikrimcə, bu ən məqbul yoldur. Bir az gecikmiş qərar olsa da, bu məsələni də nəzarət altına almaq lazımdır. Çünki Gülən şəbəkəsi qorxunc siyasi hədəflərlə hərəkət etsə, yüksək standartlara cavab verən orta və ali təhsil ocaqları təsis etmişdilər. Türkiyə dövlətinin həmin təhsil ocaqlarına sahiblənməsi vacibdir.
Mövlud Çavuşoğlunun Bakıya səfəri Ermənistana önəmli mesaj idi. Ermənistan-Rusiya siyasi-hərbi ittifaqında ciddi suallar yarandığı halda, Azərbaycan-Türkiyə siyasi-hərbi ittifaqı inkişaf edir və bütün regional çağırışlara cavab verməyə hazırdır".

Əli