““Böyük Ermənistan” yaratmaq xülyası Ermənistanın konstitusiyasındadır” Siyasət

““Böyük Ermənistan” yaratmaq xülyası Ermənistanın konstitusiyasındadır”

Elman Məmmədov: "Onların son olaraq Gürcüstana qarşı xəyanət etmələri buna əyani sübutdur"

""Böyük Ermənistan" yaratmaq xülyası Ermənistanın nizamnaməsi, konstitusiyasındadır. Ermənistanın yazdığı bütün saxta romanlarda, yazılarda, kitablarda bu xülyadan əl çəkmədiyi açıq şəkildə görünür. Onların son olaraq Gürcüstana qarşı xəyanət etmələri buna əyani sübutdur".
Bu fikirləri deputat Elman Məmmədov deyib.
Suxumi uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən "Baqration batalyonu"nun gürcülərə qarşı vuruşduğunu deyən deputat həmin batalyonun döyüşlərdə xüsusi qəddarlıq göstərdiyinin hər kəs tərəfindən çox yaxşı xatırlandığını dilə gətirib.
E.Məmmədov söyləyib ki, ermənilər Gürcüstanın Cavaxetiya regionuna ərazi iddiaları irəli sürür: "Gürcüstanın özü də baş verənlərdən nəticə çıxarmalı, ermənilərə qarşı addımlar atmalıdır. Ərazi iddiası ermənilərdə bir xəstəlik halındadır. Hətta onların siyasətçiləri də bu xəstəliyə tutulublar. Açıqlamalarında Türkiyə, Gürcüstan, İran və digər ərazilərin "böyük Ermənistan"a aid olduqlarını bildirirlər. Onları bu xəstəlikdən yayındırmaq üçün güc tətbiq edib dərslərini verməkdən başqa çarə yoxdur. Çünki, onlar hara ayaq bassalar oranı öz adlarına çıxıb sahiblənmək iddiasına düşürlər. Ermənilərin qonşu ölkələrə etdikləri ərazi iddialarına sərt şəkildə qarşılıq verilməlidir".
Ermənilərin tarixən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarında olduğunu qeyd edən deputat vurğulayıb ki, Ermənistanın İrana qarşı da ərazi iddiaları var.