“Bu hal Qarabağ danışıqlarının uzanmasına səbəb ola bilər” Siyasət

Bunu siyasi ekspert, politoloq Nəzakət Məmmədova deyib. Siyasi ekspertin sözlərinə görə bu, baş nazir Paşinyana etimadsızlıq göstərən parlamenti buraxmasına mane olmaq məqsədi daşıyırdı: "Lakin gördüyümüz kimi Paşinyan əhalini yenidən küçələrə çıxarmağa müvəffəq oldu, hökumətdəki müxalif partiya nümayəndələrini istefaya göndərdi, dekabr ayına növbədənkənar seçkilər təyin etdi və özü də istefa verəcəyini bəyan etdi".
Ekspert hesab edir ki, Ermənistanda baş verənləri birmənalı surətdə siyasi böhran, siyasi sistemin "kollaps"ı adlandırmaq olar. Çünki bu cür hallar adətən prezidentli respublikalar üçün səciyyəvi olur, parlament respublikalarında hökumət və parlament arasında belə qarşıdurma baş verirsə, bu, artıq sistemin çökməsi deməkdir. Belə olan təqdirdə yeni effektiv sistem yaradılmalıdır. Əks halda bu, bütövlükdə dövlətin çökməsinə səbəb ola bilər: "Parlamentli respublikalarda hökumət və parlament qarşılıqlı anlaşma, bir-birinin fəaliyyətinə dəstək şəraitində işləməlidirlər ki, sistem normal çalışsın. Dərin ziddiyyətlər, qarşıdurmalar dövləti zəiflədir, xarici və daxili təhdidlərə çevik, adekvat tədbir görülməsinə mane olur. Ermənistanda hazırda bu cür vəziyyətdir. Ermənistan parlament üsul-idarəçliyinə keçsə də, qanunverici orqan baş nazirin legitimliyini qəbul etmək istəmir. Meydanlarda dəstək qazanan Paşinyan bunu konstitusiya və parlament vasitəsilə də legitimləşdirmək istəyir. Lakin "Respublika" partiyası və müttəfiqləri buna imkan vermək istəmir".
Nəzakət Məmmədova bu günlərdə Avropa Şurası məruzəçisinin Ermənistandakı daxili durumla bağlı açıqladığı hesabata da toxunub. Politoloq bildirib ki, hesabatda siyasi qüvvələrə, partiyalara seçkilərə hazırlaşmaq üçün kifayət qədər vaxt verilməsi tövsiyə olunur: "Eyni zamanda, İrəvan Ağsaqqalar Şurasına seçkilərdə əhalinin fəal olmadığı vurğulanır. Bu, "Respublika" partiyasının mövqeyi ilə üst-üstə düşür və Paşinyana zərbə kimi qəbul oluna bilər.Çünki, Nikol Paşnyan seçkiləri mümkün qədər tez - dekabrda keçirmək istəyir. Əksinə, Respublika partiyası 2019-cu ilin may ayında seçkilərin baş tutmasında təkid edir. Partiyalara seçkiyə hazırlaşmaq üçün vaxt verilməsi Paşinyana sərf etmir. Doğrudur, hər bir halda dəyişikliklər istəyən Ermənistan əhalisinin Respublika partiyasına, yaxud Daşnaksütyuna səs verməsi inandırıcı deyil. Lakin vaxt uzandıqca Paşinyanın reytinqi aşağı düşür, xüsusən sərt iqlimi olan Ermənistanda qışdan sonra yoxsul əhalinin sosial çətinliklər zəminində hökumətdən narazılığının artması gözlənilir".
Politoloqun sözlərinə görə, Nikol Paşinyan "Respublika" partiyasının və Rusiyanın təxribatlarından narahatdır: "Odur ki, mümkün qədər tez seçkiyə getmək, əhalinin səslərini qazanıb yenidən parlament formalaşdırmaq və hökuməti qurmaq onun əsas planıdır. Ermənistanda vəziyyətin gərgin olması əlbəttə ki, bizim xeyrimizədir. Zəif olan ölkə daha da zəifləyir. İqtisadi zəiflik siyasi gərginliklə birləşərək vəziyyət daha da pisləşir. Lakin bu hal Qarabağ danışıqlarının uzanmasına səbəb ola bilər. Gərginliyin yaxın zamanda səngiməsi də inandırıcı görünmür. Burada böyük güclərin - ABŞ, Rusiya və Avropanın nüfuz savaşı gedir. Paşinyanın seçkilərdə qalib gəlmək ehtimalı çoxdur, lakin o, qalib gəlsə belə, bu, Ermənistanda vəziyyətin sabitləşəcəyini deməyə əsas vermir. Əksinə, vəziyyət getdikcə pisləşəcək. Böyük güclərin diplomatik, siyasi, kəşfiyyat savaşı Ermənistanı Cənubi Qafqazın "qara deşiyinə" çevirə bilər".
8 Oktyabr 2018 15:01
910
Xəbər lenti

























































