BAXCP sədrinin təklifi dəstəklənir Siyasət

BAXCP sədrinin təklifi dəstəklənir

Əli Məsimli: "Məhkəmə hakimiyyəti başçısının və polis rəislərinin seçki yolu ilə seçilməsi maraqlı ideyadır"
Elşən Qaraçuqlu: "Seçki məsələləri ilə bağlı qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var"
Ələsgər Əhmədoğlu: "Bunun üçün Konstitusiyanın dəyişməli və yeni qanun qəbul edilməlidir"
Rəşid Hacılı: "Məhkəmə hakimiyyəti başçılarının məhkəmənin əhatə etdiyi dairənin əhalisi tərəfindən birbaşa seçilməsi nümunələri çoxdur"

Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. O, bildirib ki, müstəqil məhkəmə hakimiyyəti qurulmalı və məhkəmə hakimiyyətinin başçısı seçki yolu ilə seçilməlidir. Həmçinin polis rəislərinin də birbaşa seçkisi barədə düşünməyə dəyər: "Sistemli korrupsiyaya qarşı hüquq-mühafizə orqanları effektli mübarizə apara bilməz. Türkiyənin timsalında biz bir daha bunun şahidi olduq. Məlum oldu ki, bu cəsarətdə bulunan hüquq-mühafizə orqanlarının əməkdaşları ən yaxşı halda tutduğu vəzifədən azad oluna bilərlər".
BAXCP sədrinin məhkəmə hakimiyyəti başçısının və polis rəislərinin seçki yolu ilə seçilməsi təklifini ekspertlər necə dəyərləndirirlər? Bunun üçün hansı qanunvericlik aktları qəbul edilməli, mexanizm necə olmalıdır?
Millət vəkili Əli Məsimli bildirdi ki, məhkəmə hakimiyyəti başçısının və polis rəislərinin seçki yolu ilə seçilməsi maraqlı ideyadır: "Amma bu əlahiddə götürülmüş halda yox, yalnız dərin sistemli islahatların tərkib hissəsi kimi müzakirə oluna bilər. Bəli, tətbiq yox, müzakirə oluna bilər dedim. Çünki buna çatmaqdan və cəmiyyətə faydalılığını təmin etməkdən ötrü, Azərbaycanda hələ çox islahatlar aparmaq lazımdır ki, cəmiyyətin demokratikləşməsi və müqavimət qabiliyyətin artırılması təmin edilsin".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu "Qüdrət bəyin səsləndirdiyi bu fikirlə mətbuatdan tanışam, maraqlı təklifdir",- deyə vurğuladı: "Amma düşünmürəm ki, indiki zamanda buna Azərbaycanda kəskin ehtiyac var. Düzdür, son vaxtlar istər hakimlərin çıxardığı qərarların düzgün olmaması, Daxili İşlər Nazirliyinin işindən müəyyən narazılıq halları çoxalıb. İndi sadəcə gəlin fikirləşək görək o orqan və sistemlərə seçkilərin keçirilməsi hansı nəticələrə səbəb olacaq? Seçki yolu ilə seçilmiş insanların işində irəliləyiş olacaqı? Ümumiyyətlə seçkilərin keçirilməsi maliyyə ayrılması, vaxt sərfiyyatı baxımından özünü doğruldacaqmı? Hər halda seçki məsələləri ilə bağlı qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var"
Hüquqşünas Ələsgər Əhmədoğlu bildirdi ki, məhkəmə hakimiyyətinin başçısıının və hakimlərin seçki yolu ilə olması indiki halda yalnız Konstitusiyanın dəyişməsi ilə mümkündür: "Ondan sonra yeni qanun qəbul edilməlidir. Polis rəislərinə gəldikdə, polis orqanı icra orqanı olduğu üçün onun seçki ilə olması mümkün deyil. O, nazirlik fəaliyyətidir və ona icra nəzarət edir".
Hüquqşünas Rəşid Hacılı vurğuladı ki, məhkəmə hakimiyyəti başçılarının məhkəmənin əhatə etdiyi dairənin əhalisi tərəfindən birbaşa seçilməsi nümunələri çoxdur. Onun fikrincə, demokratik yerli idarəetmənin və məhkəmə hakimiyyətinin başqa həlqələrinin fəaliyyəti ilə yaxşı uzlaşanda bu institutun yaxşı işlədiyini görürük: "Seçilmiş andlılar institu da ədalət mühakiməsinin həyata keçirilməsində birbaşa cəmiyyətin iştirakına imkan açır. Polis rəislərinə gəldikdə isə daha effektiv yol polis rəislərinin yenə də seçkiylə formalaşmış yerli hakimiyyət tərəfindən təyin olunması, ona hesabat verməsidir. Təbii ki, daha iri miqyaslı cinayətlərin təhqiqatı və s. üçün ayrıca mərkəzi strukturlar ola bilər. Amma yerli səviyyədə polis işini yerli idarəetmə qurumlarına tabe, onun tərəfindən maliyyələşən, onun nəzarəti altında işləyən, əhaliyə, onun ehtiyaclarına çox yaxın olan polis yerinə yetirməlidir".
O, həmçinin vurğuladı ki, bunun üçün birinci növbədə yerli idarəetmə sistemi qurulmalıdır: "İdarəetmənin mərkəzdən həyata keçirilməsi ləğv edilməlidir. Ən azı respublika tabeli şəhərlərdən bunu başlamaq olar. Amma indiki halda hakimiyyətin buna gedəcəyi inandırıcı görünmür".

Əli